...

7 ayda 223 Qarabağ müharibəsi əlili və şəhid ailəsi yeni mənzillərlə təmin edilib (FOTO)

Cəmiyyət Materials 9 Avqust 2016 13:28 (UTC +04:00)
Qarabağ müharibəsi əlilləri və şəhid ailələri dövlətin etibarlı sosial müdafiə sistemi ilə əhatə olunub.
7 ayda 223 Qarabağ müharibəsi əlili və şəhid ailəsi yeni mənzillərlə təmin edilib (FOTO)

Bakı. Trend:

Qarabağ müharibəsi əlilləri və şəhid ailələri dövlətin etibarlı
sosial müdafiə sistemi ilə əhatə olunub. Bu ilin ötən dövründə 223 Qarabağ müharibəsi əlili və şəhid ailəsi müasir tələblərə uyğun inşa olunmuş yeni mənzillərlə təmin edilib.

Bu barədə Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Cari ilin ötən dövründə Beyləqan rayonunda 54 mənzilli yaşayış binasını, Abşeron rayonunda hazır yaşayış binalarından alınaraq təmir etdirilmiş 53 mənzili, 30-a yaxın rayonda (Siyəzən, Şabran, Qusar, Şamaxı, Ağstafa, Qazax, Sabirabad, Biləsuvar, İmişli, Füzuli, Oğuz, Şəki, Ağcabədi, Tərtər, Zaqatala, Balakən, Tovuz, Ağdaş, Samux, Cəlilabad və s.) 116 ədəd fərdi yaşayış evini istifadəyə verməklə, 223 Qarabağ müharibəsi əlilini və şəhid ailəsini müasir tələblərə uyğun inşa olunmuş yeni mənzillərlə təmin edib.

Dayanıqlı iqtisadi inkişafın təmin edilməsi ilə paralel olaraq daim güclənən sosial siyasət kursu Qarabağ müharibəsi əlilləri və şəhid ailələrini də əhatə edir. Azərbaycan Prezidenti İlham Əliyevin bu təbəqələrdən olan insanların sosial rifah halının yaxşılaşdırılması məqsədilə ardıcıl olaraq imzaladığı fərman və sərəncamlar, dövlət başçısının tapşırığı əsasında ildən-ilə gücləndirilən mühüm sosial proqramlar onların etibarlı sosial müdafiə sistemi, hərtərəfli dövlət qayğısı ilə əhatə olunmalarına şərait yaradıb.

Bu tədbirlər sırasında Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin yeni mənzillərlə təminatı mühüm yer tutur. Hələ 1990-cı illərdə Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan bu sosial proqram Prezident İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına daimi diqqət və qayğısı nəticəsində uğurla davam etdirilir. Xüsusən də dövlət başçısının 2014-cü il 20 iyun tarixli Sərəncamı həmin şəxslərin yeni mənzillərlə təminatında mühüm addımların atılmasına imkan yaradıb.

Ümumilikdə indiyədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 5455 nəfər əlil və şəhid ailəsi mənzillə təmin olunub ki, onlardan 5 min nəfərə yaxını məhz Qarabağ müharibəsi əlilləri və şəhid ailələridir (Digərləri İkinci Dünya müharibəsi əlilləri, Çernobıl AES əlilləri, müharibə əlillərinə bərabər tutulan digər vətəndaşlar və gözdən əlillərdir). Hazırda bu təbəqələrdən olan vətəndaşlar üçün respublikamızın müxtəlif bölgələrində mənzil tikintisi işləri uğurla davam etdirilir.

Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyevin 23 dekabr 2013-cü il tarixli və 30 aprel 2014-cü il tarixli Sərəncamları Qarabağ müharibəsi əlillərinin minik avtomobilləri ilə təminatında əhəmiyyətli irəliləyişlərə imkan verib. Bunun əməli təsdiqi kimi, 2014-2015-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 1933 nəfər Qarabağ müharibəsi əlili, habelə müharibə əlilinə bərabər tutulan şəxs “Naz-LİFAN” markalı avtomobillə təmin olunub ki, bu da indiyədək nazirlik tərəfindən avtomobil təqdim edilən şəxslərin (5750 nəfər) 33,6 faizini təşkil edir. Beləliklə də 2014-cü ilədək növbədə olanların avtomobillə tam təminatı həyata keçirilməklə, hətta 2014-cü il ərzində növbəyə dayananların bir qismi də avtomobillə təmin olunub.

Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə dövlət qayğısı həmin insanların sosial ödənişlərlə təminatında və bu ödənişlərin mütəmadi olaraq artırılmasında da aydın şəkildə təsdiqini tapır. Dövlət başçısının müvafiq Fərmanı ilə Qarabağ müharibəsi əlilləri 2008-ci ildən Azərbaycan Prezidentinin aylıq təqaüdü ilə təmin edilirlər. Azərbaycan Prezidentinin 19 yanvar 2016-cı il tarixli Fərmanı ilə qeyd olunan şəxslərə Prezidentin aylıq təqaüdünün məbləği artırılıb.
Beləliklə də, Qarabağ müharibəsi əlillərinə Prezident təqaüdünün məbləği bu təqaüdün təsis edildiyi 2008-ci ildən bəri orta hesabla iki dəfədən də çox artırılıb. Bu təqaüdlə yanaşı, hazırda Qarabağ müharibəsi əlillərinin böyük əksəriyyəti əmək pensiyası, digərləri isə aylıq sosial müavinətlə təmin olunurlar. Eyni zamanda, dövlət başçısının digər bir Fərmanı ilə şəhid ailələrinin də hələ 2007-ci ilin əvvəlindən Azərbaycan Prezidentinin aylıq təqaüdü ilə təmin olunmasına başlanılıb. 16 yanvar 2016-cı il tarixli Fərmanla həmin təqaüdün məbləği növbəti dəfə artırılıb. Ümumilikdə ötən müddətdə şəhid ailələrinə ödənilən Prezident təqaüdünün məbləği 2,2 dəfə artırılaraq 220 manata çatdırılıb. Cari ilin 01 iyul tarixinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə Azərbaycan Prezidentinin aylıq təqaüdü ilə təmin olunan şəxslərin 26,2 min nəfərdən çoxunu Qarabağ müharibəsi əlilləri və şəhid ailələri təşkil edib.

Bundan başqa, şəhidlərin ailə üzvlərinin əmək pensiyasının baza hissəsinin üzərinə əlavə də hesablanır. Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin hər bir uşağına görə aylıq sosial müavinət, əmək pensiyası almaq hüququ olmayan şəhid ailəsi üzvlərinə kommunal, nəqliyyat və digər xidmətlər üçün aylıq sosial müavinət də verilir. 2016-cı ilin 01 iyul tarixinə olan məlumata əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müharibə əlilləri və şəhid ailələrinin uşaqlarından ibarət 17,9 min nəfərə yaxın uşağa, əmək pensiyası almaq hüququ olmayan 1,8 min nəfərə yaxın şəhid ailəsi üzvünə kommunal, nəqliyyat və digər xidmətlər üçün aylıq sosial müavinət ödənilir.

Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin ali təhsil alan övladları da xüsusi diqqət və qayğı ilə əhatə olunublar. Azərbaycan Prezidentinin 18 mart 2014-cü il tarixli Sərəncamı ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olanların, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların, şəhid ailələrinin respublikamızın ali təhsil müəssisələrində bakalavriat və magistratura (tibb təhsilində əsas və rezidentura) təhsil səviyyələrində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan uşaqlarının təhsil müddəti ərzində təhsil haqqının 2014/2015-ci tədris ilindən etibarən Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş təhsil xərcləri miqdarında dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsinə imkan yaradıb. Dövlət başçısının 18 iyul 2016-cı il tarixli Sərəncamı ilə həmin insanların Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində ödənişli təhsil alan övladlarının da təhsil xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi nəzərdə tutulur.

Bütün əlilliyi olan şəxslər kimi, ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olan vətəndaşların da sosial statusunun gücləndirilməsi və cəmiyyətə inteqrasiyası üçün kompleks tibbi-sosial və peşə reabilitasiya tədbirlərinə cəlb olunmaları daim diqqətdə saxlanılır. Bu sahədə ölkəmizdə mövcud olan maddi-texniki bazanın müasir standartlara uyğun təkmilləşdirilməsi yönündə mühüm addımlar atılır. Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə 2015-ci ilin sentyabrında əsaslı yenidənqurmadan sonra açılışı olan Respublika Əlillərin Bərpa Mərkəzi, burada yaradılan yüksək səviyyəli reabilitasiya şəraiti bunun əyani nümunəsidir. 18 yaşdan yuxarı əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyası sahəsində Cənubi Qafqaz regionunda analoqu olmayan mərkəz müasir tibbi-fizioterapevtik aparatlarla və səmərəli reabilitasiya üsulları ilə bərpa-müalicə xidməti göstərməyə imkan verir. Müəssisədə əlillərin, o cümlədən Qarabağ müharibəsi əlillərinin diaqnostik müayinə və müalicəsi işlərinin peşəkar səviyyədə aparılması üçün müasir tələblərə uyğun şərait, fizioterapiya və psixoloji korreksiya, tibbi-sosial reabilitasiya və funksional diaqnostika şöbələri fəaliyyət göstərir. Digər bir sıra bərpa-müalicə müəssisələrində də müasir tələblərə uyğun şərait yaradılır.

Ümumilikdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ölkənin paytaxtında və bölgələrində 15 bərpa-müalicə müəssisəsi fəaliyyət göstərir ki, həmin müəssisələrdə hər il orta hesabla 8 min nəfərdən çox əlilliyi olan şəxs dövlət hesabına tibbi-sosial reabilitasiya xidməti ilə təmin olunur. Cari ilin birinci yarımilində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bərpa mərkəzlərində 3891 nəfər reabilitasiya tədbirlərinə cəlb edilib və bərpa-müalicə kursu keçib. Onlardan mühüm bir hissəsini Qarabağ müharibəsi əlilləri təşkil edib. Həmçinin Qarabağ müharibəsi əlillərinin dayaq-hərəkət sisteminin itirilmiş funksiyalarının bərpası, bunun üçün onların protez-ortopedik məmulatlarla təmin olunması yönündə də işlər aparılır. Təkcə bu ilin yanvar-iyul aylarında nazirliyin Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən əlilliyi olan insanlara 20,5 mindən çox protez-ortopedik məmulat və reabilitasiya vasitəsi verilib. Ümumilikdə 8,4 min nəfərə yaxın əlilliyi olan şəxsə protez-ortopedik bərpa xidmətləri göstərilib ki, onlardan 1000 nəfərə yaxını Qarabağ müharibəsi əlilləri olub.
Bütün əlillər kimi, Qarabağ müharibəsi əlillərinin də xaricdə ixtisaslaşmış bərpa müalicəsi təşkil edilir. Keçən il və cari ilin ötən dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 400 nəfərə yaxın əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud uşaq xaricə ixtisaslaşmış bərpa-müalicəsinə göndərilib. Həmin əlilliyi olan şəxslərdən bir hissəsini də məhz Qarabağ müharibəsi əlilləri təşkil edib.

Bu təbəqədən olan insanların yaz-yay mövsümündə ölkəmizin səfalı guşələrində mənalı istirahətlərinin təşkili, sanator-kurort yollayışları ilə təmin olunmaları, yaradıcılıq imkanlarının dəstəklənməsi, sosial-məişət problemlərinin həlli üçün birdəfəlik maddi yardımlarla təminatı və s. istiqamətlərdə də müvafiq işlər görülür. Digər tərəfdən, əmək qanunvericiliyində Qarabağ müharibəsi əlilləri və şəhid ailəsi üzvləri üçün əmək münasibətləri sahəsində bir sıra imtiyaz və güzəştlər müəyyən olunub.

Qeyd olunanlar bu gün Azərbaycanda Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin daim Prezident qayğısı ilə əhatə olunduqlarını təsdiq edir və həmin insanların hərtərəfli təminatının güclənməsinə yönələn işlərin qarşıdakı dövrdə də uğurla davam etdiriləcəyinə əminlik hissi yaradır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti