...

Polis əməkdaşı: Bir qrup şəxs binaya tərəf daş atırdı

Cəmiyyət Materials 24 Oktyabr 2016 13:27 (UTC +04:00)
Taleh Bağırov, Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesinin növbəti iclası keçirilib.
Polis əməkdaşı: Bir qrup şəxs binaya tərəf daş atırdı

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran hadisələrinə görə həbs edilən “Müsəlman birliyi” adlanan təşkilatın sədri Taleh Bağırov, Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesinin növbəti iclası keçirilib.

Trend-in məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə ifadə verən Sabunçu rayon Polis İdarəsinin əməkdaşı Fərid Səlimov deyib ki, ötən il noyabrın 5-də futbol oyununda olan zaman həyəcan siqnalı verildiyi üçün idarəyə gəliblər və orada bir qrup şəxsin yığışmasının, binaya tərəf daş atmalarının şahidi olub.

O, hadisə zamanı xəsarət almadığını bildirib. Vəkillərin suallarına cavab olaraq isə deyib ki, bundan əvvəl heç yerdə ifadə verməyib. F.Salmanov prokurorluğa çağırılaraq ifadəyə qol çəkdiyini deyib.

Daha sonra Sabunçu rayon Polis İdarəsinin əməkdaşı Samir Əzimov ifadə verib. O da oxşar ifadə verərək bundan əvvəl istintaq zamanı dindirilmədiyini deyib.

Vəkillər onların şahidlik statusuna xitam verilməsini istəyiblər. Hakim vəsatəti baxılmamış saxlayıb.

Proses günün ikinci yarsında davam edəcək.

Qeyd edək ki, T.Bağırov və təşkilatın digər üzvləri Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunurlar. Həmin şəxslər ötən il noyabrın 26-da hüquq-mühafizə orqanları əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı saxlanılıblar.

F.Qəhrəmanlı isə ötən il dekabrın 8-də həbs edilib. O, Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə açıq çağırışlar), 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti