Bakı. Trend:
Dövlət müstəqilliyimizin bərpasının 25-ci ildönümü ilə əlaqədar İndoneziyada keçirilən tədbirlər davam etməkdədir.
Azərbaycanın İndoneziyadakı səfirliyindən Trend-ə verilən məlumata görə, səfir Tamerlan Qarayev İndoneziyada və ölkə xaricində yayımlanan “İndoneziyanın səsi” (Voice of Indonesia) ümumdövlət ictimai radio kanalının ingilis dilli bölməsinə (dünya miqyasında 11 dildə yayımlanır), eləcə də dünya miqyasında tanınmış “Eurasia Review” jurnalına müsahibələr verib.
T.Qarayev Azərbaycanın bu il dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünü qeyd etməsi haqqında danışarkən, əldə etdiyimiz nailiyyətlər, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü barədə geniş məlumat verib.
Səfir ölkə müstəqilliyimizin ilk faciəvi, dərin siyasi və iqtisadi böhran dövründən, Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalması və onun nəticəsi olaraq bir milyon soyadışımızın qaçqın və məcburi köçkünə çevrilməsi, beynəlxalq müstəvidə tanınmış ərazilərmizin 20%-inin Ermənistan tərəfindən işğal edilməsi, Ermənistanın öz silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinə məhəl qoymadığı, Dağlıq Qarabağın Azərbaycanın tarixi və ayrılmaz torpağı olduğunu qeyd edib, 1993-cü ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışı və onun apardığı siyasət və dərin islahatlar nəticəsində, sonra isə onun layiqli davamçısı Prezident İlham Əliyevin siyasət xətti sayəsində Azərbaycanın dünyada sabitlik və hərtərəfli inkişafı ilə tanınmaqda olduğu, habelə ölkəmizin sürətli inkişafı və həyata keçirdiyi irimiqyaslı layihələr haqqında da bəhs edib.
Müsahibələrdə daha sonra qeyd olunub ki, yalnız son 13 ildə ümumi daxili məhsul 3 dəfə artmış, yoxsulluğun səviyyəsi isə 49 faizdən 5 faizə enib. Son 20 il ərzində iqtisadiyyatına 200 milyard ABŞ dolları həcmində sərmayə cəlb etmiş ölkəmiz Davos İqtisadi Forumunun 2016-2017-ci il üzrə hesabatında iqtisadiyyatın rəqabətə davamlılığı baxımından 37-ci yer tutduğu diqqətə çatdırılıb. Hazırda bütün göstəricilərə görə regionda lider dövlətə çevrilən Azərbaycan öz sürətli inkişafı, qlobal inteqrasiyası, multikulturalizmi, tolerantlıq və müxtəlifliyi ilə dünyanın diqqətini cəlb edir.
Azərbaycanın qazandığı uğurlar arasında cari ildə paytaxt Bakıda “Formula 1” yarışlarına, ötən ildə ölkəmizin birinci Avropa Oyunlarına ev sahibliyi etməsi, 2017-ci ildə isə İslam Həmrəylik Oyunlarının ölkəmizdə keçiriləcəyi vurğulanıb.
Ölkəmizin nailiyyəti kimi “ASAN xidmət”ə xüsusi diqqət ayrılıb. Azərbaycanın brendi olan və “bir pəncərə” prinsipi əsasında qurulmuş bu sistemin şəffaflıq və məsuliyyəti təmin etməklə korrupsiya üçün şəraitin aradan qaldırılmasında çox səmərəli vasitə olduğu, nəticədə korrupsiyanın sıfıra endiyi, dövlət orqanlarına olan etimadın möhkəmləndiyi bildirilib.
Qeyd edək ki, səfirin müsahibəsində yer alan məlumat və materiallar internet vasitəsilə də yayılıb: http://en.voi.co.id/voi-program-highlight/11855-special-interview-with-azerbaijan-ambassador-to-indonesia-his-excellency-tamerlan-garayev, http://www.eurasiareview.com/18102016-azerbaijan-the-journey-to-paradise-on-earth-oped/
Indoneziyada dərc olunan “Bogor Today” qəzetinin buraxılışında ölkəmizin dövlət müstəqilliyinin bərpasının 25-ci il dönümünə həsr olunmuş “Azərbaycan – dünyadakı cənnətə səyahət” adlı məqalə işıq üzü görüb. Məqalədə Qarabağın Azərbaycanın tarixi ərazisi olduğu, Azərbaycanın mədəniyyəti və turizm imkanları, o cümlədən Naxçıvan və Naftalan haqqında geniş məlumat verilib: http://www.bogor-today.com/azerbaijan-perjalanan-menuju-firdaus-di-dunia/
Həmçinin, Filippində geniş auditoriyaya malik olan “The Manila Standard” qəzetində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-c ildönümü ilə bağlı “Azərbaycanlılar müstəqilliyi qeyd edir” adlı məqalə dərc olunub. Məqalədə Azərbaycanın ilk dəfə 1918-ci ildə əldə etdiyi və cəmi 2 il yaşamış müstəqilliyini 18 oktyabr 1991-ci ildə yenidən bərpa etməsi, Müsəlman Şərqində ilk demokratik dövlət olması, hətta Avropa ölkələrindən əvvəl qadınlar üçün bərabər seçki hüququnun verildiyi və Parlamentdə qadın üzvlərinin təmsil olunması haqqında söhbət açılıb.
1991-ci ildə müstəqilliyin bərpasından sonra ilk illərin çətin olduğu, dərin siyasi və iqtisadi böhran yaşandığı, Ermənistanın hərbi təcavüzü ilə üzləşdiyi və bu təcavüz nəticəsində 1 milyon soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyi qeyd olunub.
Buna baxmayaraq, Heydər Əliyev tərəfindən təməli qoyulmuş və Prezident İlham Əliyevin davam etdirdiyi siyasət və islahatların nəticəsində Azərbaycanın sabitlik və inkişaf məkanına, kasıb ölkədən yuxarı orta gəlirli ölkəyə çevrildiyi, həmçinin 1994-cü ildə imzalanmış “Əsrin Müqaviləsi”nin bütün sektorlarda genişmiqyaslı islahatlar üçün əsaslı zəmin yaratdığı, 1995-ci ildə qəbul olunmuş Konstitusiyanın müasir dövlət təsisatlarını, hakimiyyət bölgüsü prinsiplərinin formalaşması ilə demokratiyanı, parlamentarizm ənənələrini və insan hüquqlarını zənginləşdirməsi barədə də bəhs olunub. http://thestandard.com.ph/news/-main-stories/top-stories/219790/azeris-mark-independence.html
Müstəqilliyimizin 25-ci ildönümü ilə əlaqədar keçirilən tədbirlər silsiləsinin davamı olaraq, Cakarta şəhərində yerləşən “Sekolah Islam Harapan” tam orta məktəbində sonuncu sinif şagirdləri üçün səfirliyin verdiyi mühazirədə dövlət müstəqilliyimizin bərpasının 25-i ildönümü, ölkəmiz və nailiyyətlərimiz haqqında məlumatlar verilib.