...

Brayl əlifbası ilə “Quran hekayətləri” kitabı nəşr edilib (FOTO)

Cəmiyyət Materials 10 Noyabr 2016 17:58 (UTC +04:00)
Brayl əlifbası ilə nəşr edilmiş “Quran hekayətləri” kitabının təqdimatı keçirilib.
Brayl əlifbası ilə “Quran hekayətləri” kitabı nəşr edilib (FOTO)

Bakı. Trend:

Bu gün sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) brayl əlifbası ilə nəşr etdiyi “Quran hekayətləri” kitabının təqdimat mərasimi keçirilib.

Komitənin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə DQİDK sədrinin müavini Gündüz İsmayılov, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev, Təhsil, Əmək və əhalinin sosial müdafiəsi nazirliklərinin nümayəndələri, Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmiyar Abdullayev, məktəbin müəllim və şagird heyəti, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

G.İsmayılov çıxış edərək Prezident İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq respublikada dini maarifləndirmə tədbirlərinin geniş miqyasda davam etdirildiyini bildirib. Maarifləndirmə tədbirlərinin müxtəlif sahələri və qurumları əhatə etdiyini deyən G.İsmayılov brayl əlifbası ilə nəşr edilmiş “Quran hekayətləri” kitabının da bu qəbildən olduğunu vurğulayıb. Dövlət Komitəsinin dini bilgilərin cəmiyyətə sağlam mənbələr əsasında çatdırılması məqsədilə bir sıra dini ədəbiyyatların nəşrini həyata keçirdiyini söyləyən sədr müavini bildirib ki, sözügedən kitab Prezident İlham Əliyevin göstərişinə əsasən dini kitabların çapı üçün ayrılmış vəsait hesabına nəşr edilib. G.İsmayılov ötən il Azərbaycanda ilk dəfə brayl əlifbası ilə Qurani-Kərimin çap edildiyini xatırladaraq bu təşəbbüsün həm dövlətin milli-mənəvi dəyərlərimizin təbliği işinə, həm də görmə qüsuru olan vətəndaşlarımıza göstərdiyi diqqətin təzahürü olduğunu söyləyib.

G.İsmayılov deyib ki, AMEA-nın müxbir üzvü, Nəsimi adına Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylunun brayl əlifbası ilə nəşr edilmiş “Quran hekayətləri” kitabı görmə qabiliyyəti məhdud və ya itirilmiş uşaqların milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunması üçün çox faydalı vəsaitdir. O qeyd edib ki, məqsədimiz dini radikalizmlə mübarizə aparmaqla yanaşı, milli-mənəvi, o cümlədən dini dəyərlərimizi böyüməkdə olan nəslə sağlam qaynaqlar vasitəsilə aşılamaqdır. Maarifləndirmə tədbirlərinin əsasında “Qurani-Kərim”in düzgün təbliğ olunmasının dayandığını deyən Gündüz İsmayılov müqəddəs kitabımızın elmə, təhsilə verdiyi dəyərlərdən danışıb.

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini F.Nurullayev bildirib ki, brayl əlifbası ilə çap edilən kitab dinimizin təbliği baxımından çox mühüm addımdır. O, nəşrin İslamın məhz cəmiyyətin görmə qüsuru olan üzvlərinə düzgün çatdırılması baxımından təqdirəlayiq hal olduğunu deyib.

Təhsil Nazirliyinin şöbə müdiri Həbib Kərimov, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin əməkdaşı Tamara Mikayılova, Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmiyar Abdullayev çıxış edərək “Quran hekayətləri” kitabının gözdən əlil vətəndaşlarımız üçün çap edilməsini milli-mənəvi dəyərlərimizin təbliği, eləcə də görmə qüsuru olan şəxslərin təfəkkürünün formalaşması, mənəviyyatının inkişafı baxımından çox mühüm addım olduğunu deyiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti