...

“ASAN xidmət” “Hökumət 3.0 Qlobal Forumu”nda təqdim olunub (FOTO)

Cəmiyyət Materials 11 Noyabr 2016 10:12 (UTC +04:00)
9-10 noyabr tarixlərində Koreyanın Busan şəhərində “Hökumət 3.0 Qlobal Forumu” keçirilib.
“ASAN xidmət” “Hökumət 3.0 Qlobal Forumu”nda təqdim olunub (FOTO)

Bakı. Trend:

9-10 noyabr tarixlərində Koreyanın Busan şəhərində “Hökumət 3.0 Qlobal Forumu” keçirilib. Tədbirdə ölkəmizi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti təmsil edib.

Bu barədə Trend-ə ASAN-dan məlumat verilib.

Forumun keçirilməsində məqsəd idarəetmə sahəsində müasir çağırışların müəyyən edilməsi və bu sahədə ən son innovasiyaların müzakirəsi olub. Həmçinin, forum dövlət və vətəndaşlar arasında qarşılıqlı əlaqə sahəsində uğurlu təcrübələrin nümayiş etdirilməsi üçün platforma qismində çıxış edib. Tədbirə Koreyanın, digər xarici ölkələrin, beynəlxalq təşkilatların yüksək vəzifəli rəsmi şəxsləri və akademik dairələrin nümayəndələri qatılıb.

Forumu Koreyanın Baş naziri Hvanq Kyo-ahn açıq elan edib. Çıxışında Baş nazir tədbirin önəmindən, müasir dünyanın innovasiyalarla irəli getdiyindən, qabaqcıl təcrübələrin bölüşülməsinin vacibliyindən bəhs edib. Sonra Koreyanın daxili işlər naziri Yun-Sık Honq və Busan şəhərinin meri Byunq-Su Suh iştirakçıları salamlayaraq tədbirin keçirilməsinin müasir çağırışlardan irəli gələn obyektiv zərurət olduğunu qeyd ediblər.

Forum çərçivəsində “Daha Ağıllı Hökumət” mövzusunda təşkil olunmuş paneldə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov çıxış edib. O, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən son illər dövlət idarəçiliyinin təkmilləşdirilməsi və modernləşdirilməsi sahəsində həyata keçirilən islahatlar barədə məlumat verib, bu islahatların tərkib hissəsi olan “ASAN xidmət”in uğurlu fəaliyyəti barədə geniş təqdimat edib.

İ.Kərimov dövlət idarəetməsinin daha da inkişaf etdirilməsi məqsədilə innovasiyaların tətbiqinin, dövlət-özəl sektor əməkdaşlığının vacib əhəmiyyət kəsb etdiyini vurğulayıb. BMT Dövlət Xidmətləri Mükafatının qalibi olan və dünyada Azərbaycanın brendi kimi tanınan “ASAN xidmət”in dövlət, o cümlədən, özəl xidmətlərin vahid məkandan vətəndaşlara çatdırılması sahəsində uğurlu təcrübəsi qeyd edilib. Hazırda digər ölkələrdə xidmətlərin göstərilməsi sahəsinin “ASAN xidmət” modeli əsasında təkmilləşdirilməsi istiqamətində əməkdaşlığın həyata keçirildiyi də diqqətə çatdırılıb. Təqdimat iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Səfər çərçivəsində Koreyanın daxili işlər naziri, Fransanın islahatlar və sadələşdirmə üzrə dövlət naziri, İndoneziyanın idarəçilik və bürokratik islahatlar naziri, Nepalın Milli İnformasiya Komissiyasının baş komissarı, Tanzaniyanın dövlət xidmətlərinin menecmenti üzrə Prezident Aparatının daimi katibi və digər dövlətlərin nümayəndələri ilə ikitərəfli görüşlər keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti