...

Ötən il 928 995 manat gecikdirilmiş sosial xarakterli ödənişlər işçilərə ödənilib

Cəmiyyət Materials 10 Yanvar 2017 12:15 (UTC +04:00)
Dövlət Əmək Müfəttişliyi Xidməti gecikdirilmiş sosial xarakterli ödənişlərdən ibarət 928 995 manat vəsaitin işəgötürənlər tərəfindən işçilərə ödənilməsini təmin edib.
Ötən il 928 995 manat gecikdirilmiş sosial xarakterli ödənişlər işçilərə ödənilib

Bakı. Trend:

Dövlət Əmək Müfəttişliyi Xidməti gecikdirilmiş sosial xarakterli ödənişlərdən ibarət 928 995 manat vəsaitin işəgötürənlər tərəfindən işçilərə ödənilməsini təmin edib. Bu barədə Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən vətəndaşların əmək hüquqlarının müdafiəsi, o cümlədən iş yerlərində sosial xarakterli ödənişlərin gecikdirilməsi hallarının aradan qaldırılması istiqamətində ötən il də müvafiq işlər görülüb.

Hesabat dövründə Xidmətin vətəndaşların müraciətlərinə əsasən həyata keçirdiyi tədbirlər nəticəsində ümumilikdə 928 995 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin edilib. Həmin məbləğin 85,8 faizini gecikdirilmiş əmək haqları, 12,1 faizini işəgötürənlər tərəfindən ödənilməli olan sosial müavinət və kompensasiyalar, qalan hissəsini zərərə görə ödənclər təşkil edib. Bir sıra vətəndaş müraciətlərində isə ayrı-ayrı şəxslərin işdən qeyri-qanuni şəkildə azad edildikləri ifadə olunub. Belə müraciətlərin araşdırılması zamanı 30 nəfər işçi ilə əmək müqaviləsinə qeyri-qanuni şəkildə xitam verildiyi aşkar edilib və görülən tədbirlər nəticəsində həmin vətəndaşlar əvvəlki iş yerlərinə bərpa olunublar.

Qeyd olunan tədbirlərlə yanaşı, Xidmətin əməkdaşları əmək haqqı və digər sosial xarakterli ödənişlərin işçilərə vaxtlı-vaxtında ödənilməsi, əmək müqaviləsinə hansı hallarda xitam verilməsi, əməyin mühafizəsi, işçilərə sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması ilə bağlı əmək qanunvericiliyinin tələbləri barədə işəgötürənlərə ətraflı məlumatlar veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti