Bakı. Trend:
Litvanın paytaxtı Vilnüsdə Zabitlər Evində Azərbaycanın və Cənubi Qafqazın tarixini təhlil edən kitabların təqdimat mərasimi keçirilib.
Azərbaycanın Litvadakı səfirliyindən Trend-ə verilən məlumata görə, mərasimdə tarixçi alim Alqimantas Liyekisin “XX əsrdə Qafqazda xalqların köçü”, jurnalist Qintaras Visotskasın “Qara Bağ Faciəsi” və Leonas Yurşanın “Siyasətçilərin qərarlarının xalqların talelərinə təsiri” adlı kitabı litva dilində təqdim olunub. Tarixçi alim A.Liekisin “XX əsrdə Qafqazda xalqların köçü” adlı kitabı eyni zamanda rus dilində də təqdim olunub.
A.Liyekisin kitabı litva dilində 2016-cı ilin aprel, rus dilində isə 2016-cı ilin dekabr ayının sonunda, jurnalist Q.Visotskasın kitabı 2016-cı ilin sentyabrda, L.Yurşanın kitabı isə 2017-ci ilin yanvarda işıq üzü görüb.
Kitablarda ermənilərin Azərbaycan ərazilərinə və bütövlükdə Cənubi Qafqaza iki əsr öncə Türkiyə və İran ərazilərindən köçürüldüyü əks etdirilərək, son yüz il ərzində erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş terror aktları, etnik təmizləmə, kütləvi qırğınlardan, həmçinin Azərbaycan ərazilərinin işğalından bəhs olunub.
Təqdimatda tarixçi alim A.Liyekis və jurnalist Q.Visotskas mərasim iştirakçılarına Cənubi Qafqaz regionuna maraqlarının səbəblərini izah ediblər və Avropada Azərbaycan haqqında qərəzli məlumatlar yayıldığını diqqətə çatdırıblar.
Zabitlər evində baş tutan tədbirdə müəlliflər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin səbəblərinin niyə görə Litva tərəfindən diqqətlə öyrənilməli və Dağlıq Qarabağın gələcəyi nə üçün litvalıları narahat etməli olduğuna dair dəlilər gətiriblər. Onlar, Dağlıq Qarabağın itirilməsini bir vaxtlar Litva, Latviya və Estoniyanın itirdikləri ərazilərə bənzədiblər və eyni yolla Ukrayna, Gürcüstan, Moldovanın ərazilərinin işğal edildiyini vurğulayıblar.
Tədbirdə Cənubi Qafqazın keçmişinə dair elementar faktları - hələ XX əsrin əvvəllərində Yerevan (İrəvan) sakinləri arasında azərbaycanlıların çoxluq təşkil etdiyini; Çar Rusiyası özünə sadiq “beşinci kalon” formalaşdırmaq məqsədilə Azərbaycan ərazisində süni şəkildə erməniləri köçürdüyünü; 1918-ci ildə ermənilər bolşeviklərlə birlikdə Azərbaycanın müstəqilliyinə qarşı mübarizə apardıqlarını; 1988-ci ildə baş vermiş Sumqayıt hadisələrində erməni millətçilərinin əllərin olduğunu; bu gün rəsmi Yerevan tərəfindən Dağlıq Qarabağın işğalını ən böyük səhv hesab edən ermənilərin təqib edildiyini - bir çox litvalıların bilmədiyi təəssüf hissi ilə qeyd edilib.
Daha sonra A.Liyekis keçən ilin payızında keçirilmiş Bakı Beynəlxalq Humanitar Forumundakı iştirakı, Azərbaycanın regionlarına səfərli ilə bağlı təəssüratlarını bölüşüb. Tarixçi qloballaşmanın çağırışlarına baxmayaraq, milli kimliyin saxlanılması və inkişafı ilə Azərbaycanın ciddi məşğul olmasının onda böyük təəssürat yaratdığını bildirib. O, uzun məsafənin və dini fərqliliyin olmasına baxmayaraq Litva ilə Azərbaycan arasında tarixi oxşarlığın olduğunu qeyd edib.
Jurnalist Q.Visatskas isə uzun illərdir ki, Azərbaycan tarixi ilə məşğul olduğunu bildirib və Bakı, Gəncə, Naxçıvan, Xocavənd, Tərtər, Qubaya səfəri ilə bağlı təəssüratlarını bölüşüb.
Kitabların təqdimatı iştirakçılar tərəfindən maraqla qarşılanıb və təqdimatla bağlı məlumatlar yerli KİV-lərdə işıqlandırılıb.