...

AVCİYA "Azərbaycan gəncliyi gələcəyimiz naminə: Baxış bucağı" layihəsinə start verib (FOTO)

Cəmiyyət Materials 13 Mart 2017 13:06 (UTC +04:00)
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) “Azərbaycan gəncliyi gələcəyimiz naminə: Baxış bucağı” adlı layihəsinin icrasına başlayıb.
AVCİYA "Azərbaycan gəncliyi gələcəyimiz naminə: Baxış bucağı" layihəsinə start verib (FOTO)

Bakı. Trend:

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) “Azərbaycan gəncliyi gələcəyimiz naminə: Baxış bucağı” adlı layihəsinin icrasına başlayıb.

Layihə çərçivəsində bu gün “Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında gənclərimizin rolu” mövzusunda ilk tədbir keçirilib.

Tədbirdə çıxış edən AVCİYA-nın vitse-prezidenti Elçin Salmanov layihə barədə məlumat verib. Belə layihələrin AVCİYA tərəfindən mütəmadi keçirildiyini diqqətə çatdıran E.Salmanov gənclərin maarifləndirilməsinə də xüsusi önəm verildiyini bildirib: “Ötən il Avropa Şurası Parlament Assambleyası 2085 saylı qətnamə qəbul edərək, Ermənistanı işğalçı kimi tanıdı. Eyni zamanda, AVCİYA tərəfindən Ağ Evin saytında petisiya keçirildi və Azərbaycanın haqq səsi dünyaya çatdırıldı. 2017-ci ildə də Azərbaycan həqiqətlərinin çatdırılması istiqamətində AVCİYA tərəfindən fəaliyyət planı hazırlanıb”.

Layihənin rəhbəri İradə Yaqubova qeyd edib ki, layihənin məqsədi mövcud informasiya məkanında Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında gəncləri təşviq etməkdir: “Bu gün Azərbaycanın prioritet sahələrindən biri Dağlıq Qarabağ münaqişəsinin həllidir: “Ermənistanın bu işğalçılıq siyasəti nəticəsində Dağlıq Qarabağ və ətraf 7 rayondan 1 milyondan artıq qaçqın və məcburi köçkün öz ata-baba yurdundan dirdərgin düşərək ağır sosial şəraitdə yaşamağa məcbur olublar. Ötən müddət ərzində beynəlxalq arenada Azərbaycan dövləti siyasi müstəvidə Dağlıq Qarabağ probleminin həlli, Ermənistanın işğalçılıq siyasətinin dayandırılması və həmçinin məcburi köçkünlərin öz doğma evlərinə qayıtması üçün lazımi işlər həyata keçirib. Lakin burada əsas məsələ həm də Azərbaycan gəncliyinin hərəkətə keçməsi və öz sözünü deməsidir. Bu gün ali təhsil ocaqlarında minlərlə tələbə təhsil alır. Tələbələrimiz internet vasitəsilə dünyada baş verənləri yaxından izləyir, sosial şəbəkələrdə aktivdirlər. Məhz buna görə də Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, yanlış informasiyanın qarşısının alınmasında gənclərimiz, tələbələrimiz yaxından iştirak edə bilərlər. Bunu nəzərə alaraq, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiyasiyası bu məqsədlə gənclərin iştirakı ilə debatlar silsiləsinə start verir”.

Tədbirdə qeyd edilib ki, layihə bütövlükdə 2017-ci ili əhatə edəcək. İl ərzində tədris semestri nəzərə alınmaqla müxtəlif universitetlərdə debatlar təşkil olunacaq. Bu tədris semestrində 4 debatın keçirilməsi nəzərdə tutulub. İlk olaraq, debatlar Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Bakı Dövlət Universiteti və Bakı Slavyan Universitetində keçiriləcək.

Gənclər və İdman Nazirliyinin əməkdaşı Rüstəm Abdullayev bildirib ki, Azərbaycan gəncləri həm ölkə daxilində, həm də beynəlxalq aləmdə fəallıq nümayiş etdirirlər: “Gənclər siyasəti 14-29 yaş arasında olan şəxsləri əhatə edir. Beynəlxalq əməkdaşlığa gəlincə, ölkəmiz Avropa Şurasının üzvü olduğu üçün bir sıra Avropadakı gənclər təşkilatları ilə əməkdaşlıq edir. 30-dan çox Azərbaycan gənci belə təşkilatlarda təmsil olunur. Eyni zamanda, müxtəlif istiqamətdə mübadilə proqramlarında gənclərimiz iştirak edir”.

Müdafiə Nazirliyinin nümyəndəsi polkovnik Həbib Məmmədov deyib ki, dünyada ikili standartlar möhkəmlənib, dövlətlər öz maraqlarını güdür. Onun sözlərinə görə, Azərbaycan da öz torpaqlarını işğaldan azad etmək üçün maraqlarını qorumalıdır: “Bu gün bizim həm siyasi, həm də hərbi sahədə kifayət qədər gücümüz var. Ermənistan ordusundan fərqli olaraq, Azərbaycan Silahlı Qüvvələri daima inkişaf edir və cəbhədə baş verən təxribatlarda düşmənin lazımi cavabını verir. Silahlı Qüvvələrdə gənclər təşkilatları yaratmaq niyyətindəyik. Bu istiqamətdə işlər görülür. Lakin buna qədər Azərbaycan hərbçiləri müxtəlif qurumlarda təmsil olunur. Hesab edirəm ki, Azərbaycan vətəndaşları düşmən üzərində qələbə çalması üçün ilk növbədə təşkilatlanmalıdır. Bu məsələdə gənclərin üzərinə böyük məsuliyyət düşür”.

Tədbirdə Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və digər qurumların rəsmiləri, habelə yerli QHT-lər və KİV nümayəndələri mövzu ilə bağlı fikir mübadiləsi aparıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti