...

AzTA: Oyunlar dövründə qonaqların yerləşdirilməsi ilə bağlı problem olmayıb

Cəmiyyət Materials 23 May 2017 09:01 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları dövründə hotellərdə qonaqların yerləşdirilməsi ilə bağlı heç bir problem yaranmadı və hotellər tərəfindən qonaqlara yüksək səviyyədə xidmət göstərildi.

Bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov bildirib.

Onun sözlərinə görə, oyunlar dövründə Bakıdakı bütün hotellərdə yerlər demək olar ki, dolmuşdu.

Azərbaycana gələn idmançıların daha çox Bakı ilə tanış olduqlarını söyləyən M.Ağakərimov qeyd edib ki, qonaqlar həm bələdçilər, həm də könüllülərin köməyi ilə paytaxtımızı gəzərək onun mədəniyyəti, tarixi ilə tanış olublar.

M.Ağakərimov qeyd edib ki, əvvəllər İrandan, ərəb ölkələrindən, xüsusilə İraqdan Azərbaycana gələn əcnəbilərin özləri ilə türkmən bələdçiləri gətirməsi halları müşahidə edilsə də, oyunlar dövründə gələn qonaqlar özləri ilə bələdçi gətirməyiblər:

"Hesab edirəm ki, əcnəbilərin özləri ilə bələdçi gətirməsi düzgün deyil. Çünki əcnəbi bələdçilər qonaqlara bizim abidələrimiz, tarixi yerlərimiz haqqında düzgün olmayan, fərqli məlumat verirlər. Digər tərəfdən, bələdçilərimizin sayı qonaqlara xidmət göstərmək üçün yetərli qədərdir".

Qeyd edək ki, mayın 8-dən 22-dək Bakıda IV İslam Həmrəyliyi Oyunları keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti