Bakı. Samir Əli - Trend:
Ölkənin qərb bölgəsində müşahidə olunan leysan yağışlar Gəncənin Hacıkənd qəsəbəsinə xeyli ziyan vurub.
Bu barədə Trend-ə Gəncə şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Məlumatda bildirilir ki, leysan yağışlar sonradan doluya çevrilib:
"Güclü dolu səbəbindən qəsəbə infrastrukturuna ciddi ziyan dəyib. Nəticədə qəsəbədəki 126 evdən 114-nün dam örtüyü, pəncərələri qırılıb, bəzi evlərə sel suları dolub. Eyni zamanda, sosial obyektlərə, əkin sahələri və 15-dək avtomobillərə ziyan dəyib. Qəsəbə ərazisindəki "Qoşa bulaq" adlanan bulaq kompleksi yararsız hala düşüb. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Hacıkənd qəsəbəsində olub, təxirəsalınmaz tədbirlərin görülməsi üçün göstərişlər verib".
İcra Hakimiyyətindən bildirilib ki, hazırda şəhərin Fövqəladə Hallar Komissiyası tərəfindən dəyən ziyan müəyyənləşdirilir və fəsadların aradan qaldırılması üçün Hacıkənddə tədbirlərə başlanılıb.