...

6 tələbənin ölümündə təqsirləndirilən sürücü: Mənə ölüm cəzası da verilsə, razıyam

Cəmiyyət Materials 29 İyun 2017 12:33 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıt yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən mikroavtobus sürücüsü Namiq Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
6 tələbənin ölümündə təqsirləndirilən sürücü: Mənə ölüm cəzası da verilsə, razıyam

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıt yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən mikroavtobus sürücüsü Namiq Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Trend-in məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə bildirilib ki, zərərçəkmiş şəxslər vəkil tutmayıblar. Zərərçəkmiş şəxslər vəkillə təmin olunmaq istədiklərini bildiriblər. Zərərçəkmiş Eynulla Muradov övladının dünyasını dəyişməsi ilə bağlı dəymiş maddi və mənəvi ziyana görə, təqsirləndirilən şəxsdən 122 min manat təzminat tələb edib.

Prosesdə prokuror ittiham aktını elan edib. İttihama münasibət bildirən N.Hüseynov özünü təqsirli bilib. N.Hüseynov deyib ki, həmin tələbələrə bir neçə ildir ki, sürücülük edir: "Həmin uşaqlarla şəxsi qərəzim olmayıb, onlara dayı olmuşam. Mənə ölüm cəzası da verilsə, razıyam. Bu hadisə ehtiyatsızlıqdan baş verib. Bu hadisəni heç vaxt özümə bağışlamayacağam. Həmişə vicdan əzabı çəkəcəyəm. Martın 9-da da - hadisə baş verən gün hər zaman olduğu kimi, uşaqlar maşına mindi və yola çıxdıq. Mən elə bil yuxuda idim, heç nə düşünmürdüm. Tələbələrdən biri qışqıranda artıq ayıldım və maşını döndərməyə cəhd etdim. Çox adam yaralandı. Yalnız bir nəfər - Çinarə adlı tələbə dünyasını dəyişmişdi".

Təqsirləndirilən şəxsin ifadəsi zərərçəkmiş şəxslərin narazılığına səbəb olub və onlar N.Hüseynovun mikroavtobusu sürətlə idarə etdiyini bildirib.

Prosesdə məlum olub ki, N.Hüseynov mikroavtobusu etibarnaməsiz idarə edib və o, normadan artıq sərnişin daşıyıb. O da məlum olub ki, N.Hüsrynov 14 nəfərlik sərnişin daşımalı olduğu halda, mikroavtobusa 27 sərnişin götürüb.

Prosesdə ifadə verən zərərçəkmiş şəxsin hüquqi varisi Xatirə Nəsibova bildirib ki, hadisə günü oğlu İbrahim Nəsibovu dərsə yola salıb: "Hadisədən sonra da oğluma zəng etdim, telefonuna zəng çatmadı. Xəstəxanada oğlumun öldüyünü gizlətdilər. Mən hesab edirəm ki, Namiq burda mühakimə olunası ən axırıncı adamdır. Çünki buna qədər aidiyyatı orqanlar, "ZİL" markalı yük avtomobilinin sahibi də məsuliyyətə cəlb olunmalıdır".

Digər zərərçəkmiş Roza Muradovanın atası Eynulla Muradov qızının N.Hüseynovun mikroavtobusuna minmək istəmədiyini qeyd edib: "Qızım mənə deyirdi ki, Namiq maşını çox sürətli sürür. Amma sonradan o özü qızımdan xahiş edib ki, onunla gedib-gəlsin. Mən təqsirləndirilən şəxsə ən ağır cəza verilməsini istəyirəm".

Prosesdə digər zərərçəkmiş şəxslər də ifadə verib. Məhkəmə prosesi iyulun 4-də davam etdiriləcək.

İttihama görə, bu il martın 9-da səhər saatlarında Abşeron rayonu, Xırdalan şəhəri ərazisində Sumqayıt şəhər sakini N.Hüseynovun idarə etdiyi "Ford" markalı mikroavtobus yolun hərəkət hissəsində dayanmış "ZİL" markalı yük avtomobilinə çırpılıb. Hadisə nəticəsində mikroavtobusda olan Sumqayıt Dövlət Universitetində təhsil alan 6 tələbə - Fizika və elektroenergetika fakültəsinin III kurs tələbələri İbrahim Quliyev, İbrahim Nəsibov, Tarix və coğrafiya fakültəsinin III kurs tələbələri Çinarə Quliyeva, Rəşad Caniyev, Roza Muradova, 1999-cu il təvəllüdlü Lalə Nəsirzadə ölüb, daha 20 tələbə yaralanıb.

Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Mikroavtobusun sürücüsü N.Hüseynov şübhəli şəxs qismində məsuliyyətə cəlb olunub və barəsində həbs qətimkan tədbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti