...

Azərbaycan gənclər arasında işsizliyin ən aşağı səviyyədə olduğu ölkələr sırasındadır (FOTO)

Cəmiyyət Materials 17 İyul 2017 16:07 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Avstriyanın ailə və gənclərlə iş üzrə nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub.
Azərbaycan gənclər arasında işsizliyin ən aşağı səviyyədə olduğu ölkələr sırasındadır (FOTO)

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) Azərbaycanda səfərdə olan Avstriyanın ailə və gənclərlə iş üzrə naziri Sofi Karmazinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, nümayəndə heyətinə Avstriya-Azərbaycan Ticarət Palatasının prezidenti Gerald Gerstbauer, Avstriya federal nazirinin kabinet rəisi Maria Han-Blaybtroy, federal nazirin kabinetinin Avropa İttifaqı (Aİ) və beynəlxalq əlaqələr üzrə əməkdaşı Ştefani Qnesda və başqaları daxildir.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycanın dinamik və hərtərəfli inkişafı barədə nümayəndə heyətinə məlumat verib. Nazir Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatların dünyada mürəkkəb siyasi və iqtisadi proseslərin mövcud olduğu son illərdə də ölkə iqtisadiyyatında uğurlu iqtisadi şaxələndirmə şəraitində sabit iqtisadi artıma imkan yaratdığını vurğulayıb: “Bu müsbət dinamika 2017-ci ildə də davam edir və cari ilin ilk yarımilində ölkədə qeyri-neft iqtisadiyyatında 1,7 faiz, o cümlədən qeyri-neft sənayesində 4,4 faiz artıma, kənd təsərrüfatında 2,2 faiz artıma, ölkə iqtisadiyyatına 5 milyard dollar sərmayə qoyulmasına nail olunub. Eyni zamanda, son 6 ayda ixracın 36 faiz, o cümlədən qeyri-neft ixracının 27 faiz artdığı respublikada əmək bazarında inkişafın və məşğulluğun təminedici faktoru kimi iş yerlərinin daimi artımı prosesi də davam edir. Bu ilin ilk yarısında ölkəmizdə əlavə olaraq 122 min yeni iş yeri açılıb. Dayanıqlı sosial-iqtisadi tərəqqini təmin etməyə, əhali gəlirlərinin davamlı artımını stimullaşdırmağa yönələn kompleks tədbirlər, ölkədə yoxsulluq və işsizliyin 5 faiz civarında olmasına imkan verib”.

S.Müslümov ölkədə əmək və sosial müdafiə sahələrinin qabaqcıl dünya təcrübəsinə uyğunlaşdırılması istiqamətində son illərdə aparılan islahatlar, bu sahələrdə avtomatlaşdırılmış sistemlər barədə məlumat verib, İKT-nin tətbiqi sahəsində əldə olunmuş bu təcrübələrin beynəlxalq səviyyədə də yüksək dəyərləndirildiyini qeyd edib: “Nazirliyin fəaliyyət sahələrinin elektron infrastrukturunun qurulması bu sahələr üzrə əhaliyə xidmətlərin elektron müstəvidə və şəffaf şəkildə təqdim olunmasına şərait yaradıb. Təkcə bu ilin ilk yarımilində həmin e-xidmətlərdən 5,2 milyon dəfə istifadə edilib. Bizim dünyada maraqla qarşılanan e-sistemlərimizdən biri də Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemidir ki, 2014-cü ilin iyul ayından tətbiq olunan və 8,8 milyon dəfədən çox müraciətin qeydə alındığı həmin e-sistem əmək bazarının dəqiq uçotunu aparmağa imkan verməklə, işçi və işəgötürənlərin qanuni mənafelərinin təminatı üçün əsaslı hüquqi təminat formalaşdırıb”.

Aktiv əmək bazarı proqramlarının daim genişləndirildiyini vurğulayan S.Müslümov dövlət başçısının müvafiq Sərəncamı ilə icra olunan özünüməşğulluq proqramı barədə məlumat verib. Nazir bu proqramın ölkədə ailə əməyinə əsaslanan fərdi təsərrüfatların artmasına, aztəminatlı ailələrin gəlir və biznesə çıxış imkanlarına yiyələnmələrinə istiqamətləndiyini, proqram çərçivəsində bu günədək artıq 820 ailənin aktivlərlə təmin olunduqarını diqqətə çatdırıb.

Eyni zamanda, aztəminatlı ailələrin sosial yardım proqramı ilə əhatə olunduqlarını qeyd edən nazir Azərbaycanda gender bərabərliyinin təmin edilməsi sahəsində də fəal siyasətin həyata keçirildiyini vurğulayıb. S.Müslümov bildirib ki, Azərbaycan gender bərabərliyi ilə bağlı bütün mühüm beynəlxalq Konvensiyaları ratifikasiya edib: “Ölkədə inkişaf proseslərində qadınların da fəal iştirakına şərait yaradılıb və ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatda qadınların rolu daim artır. Əmək və məşğulluq sahəsində ayrı-seçkiliyə yol verilməsi qanunla qadağan edilir və belə hallara yol verən işəgötürən qanunla məsuliyyət daşıyır”.

Azərbaycanın gənclərlə bağlı fəal dövlət siyasətinin həyata keçirildiyini vurğulayan nazir bildirib ki, gənclərin səmərəli məşğulluğunun təminatı da bu siyasətin əsas hədəflərindəndir. Qeyd olunan sahədə aparılan işlərin müsbət nəticəsi kimi, bu gün Azərbaycan gənclər arasında işsizlik səviyyəsinin ən aşağı səviyyədə olduğu ölkələr sırasındadır.

Azərbaycanla Avstriya arasında ikitərəfli əlaqələrin getdikcə genişləndiyini bildirən S.Müslümov bu əlaqələrin əmək və sosial müdafiə sahəsini də əhatə etdiyini vurğulayıb. Nazir ötən dövrdə formalaşan əməkdaşlıq təcrübəsindən bəhs edərək, xüsusilə də son illərdə əməkdaşlıq şəraitində birgə icra olunan “Sosial xidmətin inkişafı” tvinninq layihəsini diqqətə çatdırıb: “Ölkəmizdə sosial xidmətlərin qabaqcıl Avropa təcrübəsinə uyğun təkmilləşdirilməsi, “Sosial xidmətin inkişafı Strategiyası”nın layihəsinin hazırlanması, sosial xidmətlərdə yeni “Sosial iş” modelinin tətbiqi kimi önəmli sahələrdə Avstriyanın aidiyyatı qurumları ilə əməkdaşlıq şəraitində əhəmiyyətli işlər aparılıb”.

S.Karmazin və nümayəndə heyətinin üzvləri iki ölkə arasında əlaqələrin inkişafından məmnunluqlarını ifadə edib, Azərbaycanda əmək və sosial müdafiə sahələrində aparılan islahatları, habelə sosial-iqtisadi inkişaf proseslərində qadınların kişilərlə bərabərhüquqlu iştirakının təmin olunması, gənclərin məşğulluğu istiqamətində görülən işləri yüksək dəyərləndiriblər. Onlar ölkələr arasında ötən dövrdə əldə olunmuş əməkdaşlıq təcrübəsinin gələcəkdə daha da genişləndirilməsində maraqlı olduqlarını bildiriblər.

Görüşdə əmək və sosial müdafiə sahələrində gələcək əməkdaşlıq istiqamətlərinə, habelə gender bərabərliyi movzusuna dair müzakirələr aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti