Bakı. Trend:
Avqust ayı ərzində dövlət sərhədini pozduqlarına görə 47 nəfər saxlanılıb.
Bu barədə Trend-ə Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən məlumat verilib.
Onların 26 nəfəri Azərbaycan, 8 nəfəri Özbəkistan, 5 nəfəri Rusiya, 3 nəfəri İran, 2 nəfəri Tacikistan, 2 nəfəri Bolqarıstan, 1 nəfəri Gürcüstan vətəndaşı olub. Sərhəd rejim qaydalarını pozarkən 1343 halda 1702 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.
Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 496 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib. Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 2 kq 139,7 qram narkotik maddə aşkar edilərək götürülüb.
Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində ümumi dəyəri təqribən 231 min 509 manat olan qaçaqmal, o cümlədən 1 ədəd pnevmatik tapança, 1 ədəd naqan tapançası, 2 ədəd siqnal tapança, 3 ədəd mina TM, 29 170 ABŞ dolları, 20 750 Rusiya rublu, 35 000 ədəd zəli, 3 ədəd qayıq, 890 qutu pirotexniki vasitə, 22 270 qutu siqaret, 14 ədəd mobil telefon, 380 ədəd müxtəlif növ dərman preparatları, spirtli içkilər, sənaye və kənd təsərrüfatı malları saxlanılıb.