Bakı. Trend:
Bu gün «Azərbaycan Dəmir Yolları» QSC-nin 2017-ci ilin mülki müdafiə tədbirlər planına müvafiq olaraq, H.Z.Tağıyev-çeşidləmə dəmir yolu stansiyasının ərazisində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsi” mövzusunda növbəti kompleks mülki müdafiə təlimi keçirilib.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, bununla əlaqədar olaraq H.Z.Tağıyev-çeşidləmə dəmir yolu qovşağının rəhbər işçiləri, Fövqəladə Hallar Komissiyasının üzvləri, mülki müdafiə qüvvələri və şəxsi heyəti, eləcə də stansiya ərazisində yerləşən digər dəmir yolu müəssisələrinin işçiləri təlimə cəlb olunub.
Təlimin əsas məqsədi fövqəladə hallar zamanı qovşağın ərazisində yerləşən obyektlərin mülki müdafiə planlarının reallığını əks etdirmək, mövcud xəbərdarlıq sxemi əsasında mülki müdafiə qüvvələrinin çevik qaydada hazır vəziyyətə gətirilməsi, hadisə yerinə göndərilməsi, yaranmış vəziyyətin qiymətləndirilməsi, hadisə yerindən məlumatların toplanması, obyekt rəhbərinin, mülki müdafiə qüvvələrinin fasiləsiz və düzgün idarə olunması bacarığının təkmilləşdirilməsi, həmçinin dəyəcək ziyanın müəyyən qədər azaldılmasının hərtərəfli təhlil edilməsi idi.