...

Nazir: İşlərini normal qura bilməsələr, kitabxanalar getdikcə labüdlüyünü itirəcək

Cəmiyyət Materials 29 Sentyabr 2017 09:26 (UTC +04:00)
Bölgələrdə insanlar öz işlərini normal qura bilməsələr, kitabxanalar da getdikcə labüdlüyünü itirəcək.
Nazir: İşlərini normal qura bilməsələr, kitabxanalar getdikcə labüdlüyünü itirəcək

Bakı. İlhamə İsabalayeva – Trend:

Bölgələrdə insanlar öz işlərini normal qura bilməsələr, kitabxanalar da getdikcə labüdlüyünü itirəcək.

Trend-in məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev “Kitab, kitabxana və innovasiyalar” mövzusunda keçirilən müşavirədə bildirib.

Nazir deyib ki, Azərbaycanda kitabxanalar şəbəkəsi təkmilləşdirilməli, yeni formatda fəaliyyət göstərməlidirlər. Yalnız bu halda onlar oxucu auditoriyalarını genişləndirə bilərlər.

Ə.Qarayevin sözlərinə görə, bu gün Azərbaycanda kitabxana işi müasir dövrün tələbləri ilə uzlaşmalıdır. Günün tələblərinə cavab verməyən, müasir texnologiyalardan bəhrələnməyən, yeni yanaşmalar tətbiq etməyən kitabxanaların bir çoxu artıq fəaliyyətini dayandırıb:

“Bütün yenidənqurmalar və bərpa prosesləri, yeni texnologiyaların tətbiqi zamanın tələbidir və bu sahədə çalışan hər kəs bu tələblərə uyğunlaşmalıdır. Mədəniyyətin idarəedilməsində iştirak edən bütün insanlar qarşısında bir sual durur - əgər biz müasir tələblərə uyğunlaşa bilmiriksə, bu cəmiyyətə nə dərəcədə xidmət edə bilərik?”

Nazir bildirib ki, hazırda ölkədə 2 mindən çox kitabxana fəaliyyət göstərir. Məqsəd bu şəbəkənin insanların tələbatına cavab verən formada fəaliyyət göstərməsinə nail olmaqdır. Bu günə kimi işin səmərəli təşkili üçün dəfələrlə iclaslar və görüşlər keçirilib. Hazırda elektron və virtual kitabxanalar açılır, regionlarda müxtəlif ölkələrin kitab guşələri yaradılır: “Təhsil ocaqlarının kitabxanaları vahid bir strategiya üzərində çalışırlar. Amma unutmamalıyıq ki, qarşımızda duran məqsəd kitabxana şəbəkəsinin nəinki saxlanması, onun inkişafı və yeni nəslə ötürülərək kitaba sevgi və məhəbbətin yaradılmasından ibarətdir. Gənc nəsli kitabxanalara gətirmək üçün çoxlu işlər görməliyik”.

Kitabxanaları daha səmərəli fəaliyyət göstərməyə çağıran Ə.Qarayev vurğulayıb ki, son zamanlar kitabxana şəbəkəsi optimallaşma prosesindədir: “Bu optimallaşma nəticəsində biz daha çevik və operativ sistem quraraq daha rahat idarəetmə yaratmalı, işgüzarlıq səviyyəsini yüksəltməliyik. Əgər kitabxana rayonda öz oxucuları üçün səmərəli fəaliyyət göstərirsə, onların tələbinə cavab verirsə, deməli, o kitabxana yaşayacaq. Yeni nəşrlər, silsilə proqramlar, rayonun iqtisadi inkişafına uyğun olaraq işlərin qurulması vacib şərtdir. Biz Avropa İttifaqının Tvinninq proqramı çərçivəsində maraqlı layihələr həyata keçiririk. Bu layihə çərçivəsində kitabxana və klub sisteminin idarə edilməsi, bir-birini tamamlaması və vahid şəbəkənin yaradılması baxımından bu təcrübədən mütləq istifadə olunmalıdır. Burada tək nazirlik deyil, bələdiyyələrdən tutmuş, icra orqanlarına qədər hamı öz sahəsində mədəni xidmət anlamını vahid siyasətə çevirməlidir”.

Respublika Kitab Kollektorunun fəaliyyətinə toxunan nazir deyib ki, kollektorun işində də yeniliklər həyata keçirilib, təkmilləşdirilib. Kollektor təkcə poçt funksiyasını həyata keçirməyəcək, qurum üçün daha geniş və informativ imkan yaradılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti