Bakı. Trend:
24-29 oktyabrda Brazilia şəhərində Braziliya Poçt və Teleqraf Şirkəti (Empresa Brasileira de Correios e Telégrafos) tərəfindən təşkil olunmuş beynəlxalq filateliya sərgisində Azərbaycan, Qazaxıstan və Türkiyəyə aid poçt markalarından ibarət guşə təşkil edilib.
Azərbaycanın Braziliyadakı səfirliyindən Trend-ə verilən məlumata görə, guşə səfirliyin təşəbbüsü və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə təşkil olunub.
Fond tərəfindən təqdim edilən markalar hər üç ölkənin zəngin filatelist ənənələrini sərgi iştiakçılarına nümayiş etdirir.
Oktyabrın 25-də Braziliyada səfərdə olan fondun prezidenti, səfir Günay Əfəndiyeva güşəni ziyarət edərək, ziyarətçilərə bölgənin filatelistika tarixi və ənənələrindən danışıb və çoxsaylı sualları cavablandırıb.
Sərgi zamanı səfirlik və fond tərəfindən təqdim edilmiş Azərbaycan və fonda aid müxtəlif məlumatlar yayımlanıb.
Qeyd edək ki, ilk dəfə Brazilia şəhərində, on iki min kvadrat metr ərazisi olan “Ulysses Guimaraes” beynəlxalq sərgi mərkəzində təşkil olunan sərgidə əlli beş ölkədən iştirakçılar qeydiyata alınıb və bununla da filateliya ilə maraqlanan on minlərlə insan təqdim olunmuş ekspozisiya ilə tanış olmaq imkanı əldə edib.