Bakı. Trend:
Bakıda 200 manat dəyərində yeni əsginasın qapalı təqdimat mərasimi keçirilib.
Bu barədə Trend-ə maliyyə bazarındakı mənbə məlumat verib.
Həmin əsginasların dövriyyəyə buraxılacağı tarix məlum deyil. Təqdimat mərasimi Mərkəzi Bankın binasında keçirilib.
Yeni pul nişanının dizaynı hazırlanarkən müsabiqədə ABŞ şirkəti “Crane Currency” tərəfindən təqdim olunan dizayn qalib seçilib. Bu dizayna bir sıra şirkətlərin təqdim etdiyi mütərəqqi mühafizə sistemləri inteqrasiya edilməklə pul nişanı “Giesecke+Devrient” şirkətində istehsal olunub.
Yeni banknotun üzərində ölkəmizin, paytaxtımızın ən müasir simvollarından biri olan Heydər Əliyev Mərkəzinin əzəmətli təsviri, Mərkəzin əsas eksteryer və interyerinin dizayn elementləri, milli xalça nümunələrinin elemetləri, digər milli ornamentlər əks olunub.
Qeyd edək ki, bir müddət əvvəl Mərkəzi Bank yeni əsginasların dövriyyəyə buraxılacağı barədə məlumat vermişdi.
Hazırda ölkədə 1, 5, 10, 20, 50 və 100 manatlıq əsginaslar dövriyyədədir.