Bakı. Trend:
Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibəti ilə silsilə tədbirlər keçirilib.
DİN-dən Trend-ə verilən məlumata görə, mayın 26-da yarışların açılış mərasimində çıxış edən DİN İdman Cəmiyyətinin sədri, Olimpiya, dünya və Avropa çempionu, polis polkovniki Zemfira Meftaxetdinova 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının xalqımızın həyatında ən unudulmaz günlərdən biri olduğunu vurğulayıb, yaşadığı 23 ay ərzində cümhuriyyətin gördüyü işləri, qəbul edilən dövlət rəmzlərini tariximizin ən yaddaqalan səhifələri kimi dəyərləndirib. Vurğulanıb ki, 1993-cü ildə xalqımızın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra görkəmli dövlət xadiminin qətiyyəti sayəsində Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə siyasi-hüquqi qiymət verilib, həmin dövrün dövlət rəmzləri və himni bərpa olunub. Ulu Öndər Heydər Əliyev dövlətçiliyimizin qorunması üçün qətiyyətli tədbirlər görüb, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar edib.
Z.Meftaxetdinova bu il həm də Azərbaycan Polisinin yaranmasının bir əsrlik tarixinin tamam olduğunu diqqətə çatdıraraq qeyd edib ki, Azərbaycan polisi dövlətin formalaşmasında, milli maraqların qorunmasında, ölkənin ərazi bütövlüyü uğrunda döyüşlərdə fəal iştirak edib.
Daha sonra İdman Cəmiyyətinin sədr müavini, polis polkovniki Elçin Rüstəmov çıxış edərək bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti çox çətin bir şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq, bu dövrdə Azərbaycan dövlətçiliyi üçün vacib olan bir sıra məsələlər həll edilib, siyasi və sosial sahədə bir çox islahatlar həyata keçirilib. Ötən əsrin sonlarında Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra xalqımızın ümummilli lideri Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində bu müstəqillik qorunub saxlanılıb, milli dövlətçiliyimizin varislik ənənələri inkişaf edib.
Sonra yarışlara start verilib.
Yarışların ilk günü – mayın 26-da Respublika Olimpiya Mərkəzində estafet qaçışı üzrə 150-ə yaxın polis əməkdaşı mübarizəyə qoşulub. Finiş xəttinə birinci olaraq Əlahiddə Çevik Polis Alayının əməkdaşları çataraq baş mükafata sahib olublar, ikinci yerə Daxili Qoşunların Baş İdarəsi, üçüncü yerə isə Polis Akademiyasının əməkdaşları sahib olublar.
Yarışı İdman Təlimi Bölməsinin rəisi, polis polkovnik-leytenantı Mülayim Xıdırov idarə edib. Yarışın yekununda o, idmançı əməkdaşların göstəricilərinin durmadan artdığını qeyd edib.
Həmin gün DİN İdman Cəmiyyətində kikboksinq üzrə birincilik keçirilib. Yarışda 150-ə yaxın idmançı öz qüvvəsini sınayıb.
İdman Cəmiyyəti İdmanın təşkili bölməsinin əməkdaşı, kiqboksinq üzrə məşqçi-müəllim Hikmət Hacıyevin yetirmələri yüksək fiziki və texniki bacarıq nümayiş etdirib.
Silsilə tədbirlər çərçivəsində mayın 27-də keçirilən boks yarışında 80-ə yaxın idmançı qələbə uğrunda mübarizə aparıb.
Bu sırada ciu-citsu üzrə yeniyetmələr və gənclər arasında növbəti birincilik keçirilib.
Birincilikdə müxtəlif yaş qrupunda və çəki dərəcələri üzrə 140-a yaxın idmançı öz gücünü sınayıb.
Yarışı əməkdar məşqçi Rəsul Məmmədov idarə edib.
Cəmiyyətin İdman təlimi şöbəsinin rəisi, polis polkovnik-leytenantı İlyas Siracov bildirdi ki, idmanın və olimpiya hərəkatının inkişafı Azərbaycan dövlətinin diqqətində olan vacib məsələlərdən biridir. İnsanların fiziki və mənəvi sağlamlığında mühüm rol oynayan idmanın geniş miqyasda yayılması, kütləviləşməsi uşaq və gənclərin bu sahəyə fəal surətdə cəlb olunmasına şərait yaradıb. İdmanla məşğul olan hər bir kəs sağlam, qüvvətli, iradəli şəxsiyyət kimi yetişir.
Sonda qaliblərə kubok, diplom və medallar təqdim olunub.