Bakı. Trend:
2018-ci ilin Azərbaycan Xalq Cümhuriyyəti ili elan olunması ilə bağlı ölkə başçısının imzaladığı Sərəncama uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu paytaxtda və bölgələrdə silsilə maarifləndirici tədbirləri davam etdirir.
Fonddan Trend-ə verilən məlumata görə, “Mədəni maarifləndirmə” proqramı çərçivəsində belə tədbirlərdən biri sentyabrın 18-də Tərtərdə yerləşən Qarabağ Regional Bilik Evində baş tutub. Tədbiri Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elvin Umudov açaraq, Qarabağ bölgəsində mütəmadi olaraq maarifləndirici görüşlər təşkil etdiyinə görə Bilik Fonduna minnətdarlığını bildirib.
Fondun aparıcı məsləhətçisi Ramilə Qurbanlı Cümhuriyyət tariximizin təbliği istiqamətində “Mədəni maarifləndirmə” proqramı keçirilən tədbirlərdən danışıb.
Tədbirdə ARB “Aranfilm” Yaradıcılıq Mərkəzinin istehsalı olan “Cümhuriyyət tələbələri” sənədli filmi nümayiş etdirilib, Yaradıcılıq Mərkəzinin bədii rəhbəri Tahir Tahiroviçin “Cümhuriyyət tariximiz kadrlarda” mövzusunda mühazirəsi dinlənilib. İştirakçılar filmin yaradıcı heyətinə suallar ünvanlayıb, ətraflı cavablar alıblar.
Cümhuriyyətin 100 illiyi ilə bağlı növbəti maarifləndirici tədbir sentyabrın 19-da Şəmkir Bilik Evində keçirilib.
Şəmkir Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Davud Süleymanov Azərbaycan tarixinin şərəfli səhifəsi olan Cümhuriyyət dövründən danışıb, gəncləri bu dövrü dərindən öyrənməyə çağırıb.
Fondun baş məsləhətçisi Nüşabə Hüseynova “Cümhuriyyət dövrü mətbuatı” mövzusunda mühazirəsində Azərbaycanda ictimai şüurun formalaşmasında, özünüdərkin güclənməsində mətbuatın rolundan ətraflı bəhs edib.
Tədbir çərçivəsində ARB “Aranfilm” Yaradıcılıq Mərkəzinin istehsalı olan digər bir film - “Gizli istiqlalçılar” sənədli filmi nümayiş olunub. Filmin yaradıcı heyəti ilə iştirakçılar arasında geniş və maraqlı fikir mübadiləsi aparılıb.