...

Dilçilik İnstitutu: Yeni yaradılacaq Monitorinq Mərkəzinə cərimələr tətbiq etmək səlahiyyəti verilməlidir

Cəmiyyət Materials 26 Noyabr 2018 16:12 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Artıq dilimizin qorunması sahəsində radikal addımlar atılmalı, yeni yaradılacaq Monitorinq Mərkəzinə inzibati cərimələr tətbiq etmək səlahiyyəti verilməlidir.

Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Baba Məhərrəmli deyib.

Alimin sözlərinə görə, bu gün respublikamızın ərazisində fəaliyyət göstərən şadlıq saraylarının əksəriyyətinin adında "palas" sözü işlədilir:

"Nəyə görə “şadlıq sarayı” yox, məhz “palas” işlədilməlidir? Artıq rayonlarda da şadlıq saraylarının adlarını ingilis dilindən gələn “palas” sözü bəzəyir. Belə adlar yüzlərlədir. Nəyə görə “Uşaq dükanı” yox, “Baby shop”, “Gözəllik salonu” yox, “Beauty saloon”, “Uşaq oyuncaqları” yox, “Baby toys”, “Uşaq aləmi” yerinə “Kids world” yazılmalıdır? Ana dilində ifadə və sözlərin yerinə ya türk, ya ingilis, ya da rus dilinə məxsus sözlərin işlədilməsi heç də müasirlik deyil".

B.Məhərrəmli qeyd edib ki, bu gün Bakı şəhərinin istənilən küçəsində Azərbaycan dilinin normalarının pozulmasını çox asanlıqla müşahidə etmək olar. Dövlət Reklam Agentliyi, Bakı Şəhər İcra Hakimiyyəti bu məsələlərə diqqətli yanaşmalıdır.

Dilçi alim əlavə edib ki, “Dövlət dili haqqında" qanunun müvafiq maddəsinə görə, Azərbaycan ərazisində bütün xidmət sahələrində, reklam və elanlarda dövlət dili işlənilir. Əcnəbilərə xidmət göstərilməsi ilə bağlı müvafiq xidmət sahələrində dövlət dili ilə yanaşı, digər dillər də tətbiq oluna bilər. Zəruri hallarda elanlarda (lövhələrdə, tablolarda, plakatlarda və sair) dövlət dili ilə yanaşı, digər dillərdən də istifadə oluna bilər. Lakin onların tutduğu sahə Azərbaycan dilindəki qarşılığının tutduğu sahədən böyük olmamalı və Azərbaycan dilindəki yazıdan sonra gəlməlidir. Reklamvericinin tələbinə əsasən reklam qurğularında yerləşdirilən reklamın mətnində dövlət dili ilə yanaşı, digər dillərdən istifadə oluna bilər. Bu halda xarici dildə olan mətn dövlət dilində olan mətndən sonra yerləşdirilməli, dövlət dilində olan mətnin tutduğu sahədən kiçik olmalı və reklamın yerləşdiyi ümumi sahənin üçdə birindən çox olmamalıdır.

İnstitutun direktor müavini bildirib ki, 2015-ci il 15 iyulda qəbul olunmuş “Reklam haqqında qanun”un 4.7-ci maddəsində də həmin müddəa öz əksini tapıb:

"Ancaq küçələrdə bu qanunların pozulmasını hər addımda görürük. Bu isə ürəkaçan hal deyil. Bir çox reklam lövhələrinin dili ancaq əcnəbi dillərdədir. Televiziyalarda veriliş adlarından tutmuş gözəllik salonlarının, dükanların, müxtəlif xidmət sahələrinin adlarının ingilis dilində verilməsi müşahidə olunur. Dildə dəbə qaçmaq olmaz, hər hansı bir müəssisənin, xidmət sahəsinin, dükanın, şadlıq sarayının adının ingiliscə yazılması onun brendə çevrilməsi deyil. İnanırıq ki, Prezidentin 1 noyabr 2018-ci ildə “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər planı haqqında” verdiyi fərman əsasında Dövlət Dil Komissiyası yanında yaradılacaq Monitorinq Mərkəzi “Dövlət dili haqqında" qanun, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” və digər qanunvericilik aktlarının ana dili ilə bağlı müddəalarına uyğun olaraq, dövlət dilinin müxtəlif xidmət sahələrində tətbiqinə kompleks nəzarətin həyata keçirilməsini təmin edəcək. Ümid edirik ki, Monitorinq Mərkəzi öz fəaliyyətini Təhsil və Ədliyyə nazirlikləri, Dövlət İmtahan Mərkəzi, Dövlət Reklam Agentliyi, Mətbuat Şurası, Milli Televiziya və Radio Şurası, Bilik Fondu, Tərcümə Mərkəzi və digər müvafiq qurumlarla sıx əməkdaşlıq şəraitində quracaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti