...

Respublika Veteranlar Təşkilatında Azərbaycan gənclərinin bir qrup fəal nümayəndəsi ilə veteranların görüşünə həsr edilmiş tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 8 Fevral 2019 15:33 (UTC +04:00)
Azərbaycanın dünyanın qabaqcıl dövlətləri ilə bir sırada dayanmasında, dinamik surətdə inkişaf edən ölkə imici qazanmasında gənclərin rolu danılmazdır.
Respublika Veteranlar Təşkilatında Azərbaycan gənclərinin bir qrup fəal nümayəndəsi ilə veteranların görüşünə həsr edilmiş tədbir keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycanın dünyanın qabaqcıl dövlətləri ilə bir sırada dayanmasında, dinamik surətdə inkişaf edən ölkə imici qazanmasında gənclərin rolu danılmazdır. Gənclərin uğurlarının təməlində dövlətin ardıcıl və məqsədyönlü şəkildə həyata keçirdiyi gənclər siyasəti dayanır.

Trend-in məlumatına görə, Respublika Veteranlar Təşkilatı gənclərin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, onların milli-mənəvi dəyərlərimizə sədaqət ruhunda yetişmələri üçün ardıcıl iş aparır. Müntəzəm surətdə gənclərlə müxtəlif yerlərdə görüşlər keçirir, Azərbaycanın şanlı tarixi, döyüş ənənələri və gənclər gününün hərtərəfli təbliğində bilik və təcrübəsini əsirgəmir.

Tədbir Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Tədbirdə çıxış edən Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov bildirib ki, gənclərin zəngin həyat təcrübəsinə malik veteranlardan öyrənmək, veteranlarınsa gənc nəslin nümayəndələrinə öz tövsiyələrini vermək baxımından belə görüşlərin əhəmiyyəti böyükdür.

C.Xəlilov hazırda Azərbaycan əhalisinin təqribən üçdəbirini gənclərin təşkil etdiyini, onların xalqına, dövlətçiliyinə sədaqətli, vətənpərvər, yüksək mənəvi və əxlaqi keyfiyyətlərə malik insanlar olduqlarını qeyd edib. O, Azərbaycanın ictimai-siyasi həyatında, müxtəlif sahələrdə qazanılan yüksək nəticələrdə gənclərin yaxından iştirakından danışaraq deyib: “Azərbaycanda müasir gənclər siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu öndər Heydər Əliyev gənclərin potensialının üzə çıxarılması, onların təhsilli, geniş dünyagörüşünə malik vətənpərvər insanlar kimi yetişməsinə mühüm əhəmiyyət verirdi. Ümummilli Lider ölkənin inkişafında gənclərin iştirakını zəruri sayır, onları mühüm vəzifələrə irəli çəkirdi. Gənclər Günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda qeyd olunmağa başlanıb. Ulu öndər Heydər Əliyevin gəncliyə göstərdiyi qayğının təzahürü kimi, fevralın 2-si respublikamızda Azərbaycan Gəncləri Günü elan olunub. 1997-ci ildən bəri hər il fevralın 2-də respublikamızın gəncləri bu günü qeyd edirlər. Bütün bunlar gənclərin təşkilatlanmasına, hərtərəfli formalaşmasına şərait yaradıb”.

Təşkilatın sədr müavini C.Xəlilov həmçinin bildirib ki, daim Azərbaycan gənclərinin yanında olan Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə təşkil olunan respublika toplantısında iştirakı, dövlətimizin başçısının gənclərin fəaliyyətinə yüksək diqqət verməsi, eləcə də Azərbaycan gəncliyinin qarşısında duran əsas hədəf və vəzifələri dəqiq müəyyənləşdirməsi, Prezident İlham Əliyevin müxtəlif sahələrdə böyük uğurlar qazanan, fədakarlıq göstərən gəncləri təltif etməsi gənc nəslin bütün nümayəndələrini daha böyük nailiyyətlər əldə etməyə həvəsləndirməklə yanaşı, onlara əsl bayram sevinci yaşatdı.

Daha sonra C.Xəlilov Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən gənclərin istedad və bacarıqlarının üzə çıxarılması istiqamətində həyata keçirilən layihələri yetişməkdə olan nəslin gələcəyinin etibarlı təminatı olduğunu vurğulamışdır. Eləcə də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə xaricdə və ölkəmizdə reallaşan layihələrin Azərbaycanın uğurlarının təbliğində, gənclərimizin fəallığının artırılmasında və onların fəaliyyətlərinin əlqələndirilməsində mühüm rol oynadığını qeyd edib.

Ehtiyatda olan polkovnik qeyd edib ki, bu gün ordu sıralarında xidmət edən, müxtəlif sahələrdə çalışan, təhsil alan gənclərimizin hərbi vətənpərvərlik ruhunda yetişməsi bizi sevindirir. Torpaqlarımızın işğaldan azad edilməsi yönündə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən ardıcıl iş aparılır. Azərbaycanın güclü ordusunun formalaşdırılması, müharibə əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, veteranlarımıza göstərilən qayğı bunun nəticələridir. Aprel döyüşləri və Naxçıvanda həyata keçirilən hərbi əməliyyatlar Ordumuzun gücünü, döyüş əzmini aydın şəkildə nümayiş etdirdi. Bütün bunlar Azərbaycanın ərazi bütövlüyünün təmin ediləcəyinə, üçrəngli bayrağımızın Şuşada və işğal altındakı digər ərazilərimizdə ucaldacağına inamımızı daha da artırır.

C.Xəlilov hazırda ölkəmizdə gənclər siyasətinin uğurla həyata keçirildiyini Prezident İlham Əliyevin gənc kadrların irəli çəkilməsi ilə bağlı qarşıya qoyduğu vəzifənin reallaşmasının nəticəsi kimi qiymətləndirib. O, nitqini Prezident İlham Əliyev 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə təşkil olunan respublika toplantısında söylədiyi nitqdən sitat gətirərk yekunlaşdırıb: “Bu gün Azərbaycan gəncləri müstəqillik dövründə yaşayırlar. Bu, böyük xoşbəxtlikdir. Bu gün hər bir vətənpərvər azərbaycanlı haqlı olaraq fəxr edir ki, o, müstəqil Azərbaycan Respublikasının vətəndaşıdır. Ölkəmizin hərtərəfli inkişafında gənclərimizin çox böyük rolu vardır. Gənclər müxtəlif sahələrdə çox uğurla fəaliyyət göstərirlər, ölkəmizin ümumi inkişafına böyük töhfə verirlər”.

Tədbirdə Gənclər və İdman nazirliyinin Gənclərlə iş şöbəsinin Vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi sektorunun müdiri Əli Məmmədov, Nərimanov İcra Hakimiyyətinin müavini İlqar Mirzəyev veteranlar, ehtiyatda olan polkovnik Adil Haqverdiyev, İkinci Dünya müharibəsi veteranları Fatma Səttarova və İsmayıl Fərəcov, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov və gənclər çıxış edərək belə görüşlərin, nəsillər arasında əlaqələrin vacibliyindən, gənclərimizə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan, Azərbaycan həqiqətlərinin dünyada təbliğində gənclərin rolundan, könüllülük hərəkatında gənclərin iştirakından, ölkədə gənclərin təşkilatlanmasından, Azərbaycan gənclərinin ölkə həyatındakı rolundan, onların vətənpərvərliyindən, rəşadət və mərdliyindən söhbət açıb, müxtəlif sahələrdə qazandıqları uğurlardan və qarşıda duran vəzifələrdən danışıb, gəncləri Vətəni sevməyə, onu müdafiə etməyə, işğalçılardan azad etməyə hər zaman hazır olmağa çağırıblar.

Sonda ölkənin ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə, veteran hərəkatında fəal iştiraklarına və gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsindəki xidmətlərinə görə bir neçə şəxs Respublika Veteranları Təşkilatının yubiley medalları ilə və fəxri fərmanlarla təltif olunublar.

Tədbirin sonunda xatirə şəkli çəkilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti