...

“Gender bərabərliyi və uşaqlara qarşı zorakılıq” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Cəmiyyət Materials 11 Aprel 2019 20:20 (UTC +04:00)
Sabunçu rayonu E.Məhərrəmov adına 137 nömrəli tam orta məktəbdə “Gender bərabərliyi və uşaqlara qarşı zorakılıq” mövzusunda tədbir keçirilib.
“Gender bərabərliyi və uşaqlara qarşı zorakılıq” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Bakı. Trend:

Sabunçu rayonu E.Məhərrəmov adına 137 nömrəli tam orta məktəbdə “Gender bərabərliyi və uşaqlara qarşı zorakılıq” mövzusunda tədbir keçirilib.

Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, məktəb rəhbərliyinin, müəllim, şagird və valideynlərin qatıldığı həmin tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının əməkdaşları Lamiyə Zeynalova və İlahə Əfqanlı iştirak ediblər.

Aparatın əməkdaşları tədbirdə çıxış edərək, ölkə Ombudsmanı Elmira Süleymanovanın insan hüquqları sahəsində həyata keçirdiyi çoxşaxəli fəaliyyətin prioritet istiqamətlərindən birinin məhz gender əsaslı zorakılıqla mübarizə sahəsinə aid olduğunu diqqətə çatdıraraq, Ombudsman təsisatının bu istiqamətdə gördüyü işlər barədə qonaqlara ətraflı məlumat veriblər.

Bildirildi ki, Ombudsmanın fəaliyyətinə Azərbaycan qanunvericiliyinin gender baxımından təhlili, gender nəzəriyyəsinin orta və ali məktəblərdə tədrisinin təşkil edilməsi, gender bərabərliyi sahəsində maarifləndirmə işinin aparılması, qadınların ölkənin ictimai-siyasi həyatında iştirakının dəstəklənməsi, qadın və kişilər arasında bərabər imkanlara nail olunması üçün dövlət proqramlarının işlənib hazırlanması və bir sıra digər məsələlər də daxildir.

Habelə, BMT-nin Uşaq Hüquqları Konvensiyası və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanunu, dövlətimizin bu sahədə həyata keçirdiyi tədbirlər barədə iştirakçılara ətraflı məlumat verilib. Uşaq hüquqlarının təmini və müdafiəsi sahəsində Ombudsmanın çoxşaxəli fəaliyyəti, eyni zamanda təsisatda uşaqlara qarşı zorakılıqla mübarizə sahəsində görülən işlər və uşaqlarla bağlı 916 qaynar xətt xidmətinin fəaliyyət göstərdiyi vurğulanıb.

Eyni zamanda məktəb psixoloqu və sahə həkimi mövzu üzrə çıxış edib, şagirdlər tərəfindən gender bərabərliyi və zorakılığa qarşı mübarizəyə dair maarifləndirici səhnəciklər nümayiş olunub, slaydlar təqdim edilib.

Sonda məktəb rəhbərliyi maarifləndirmə tədbirlərinin keçirilməsinin uşaqların inkişafına olduqca müsbət təsir göstərdiyini vurğulayaraq, Müvəkkilə öz təşəkkürünü bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti