...

Ombudsman yanında “Biznes və insan hüquqları” üzrə İşçi Qrupun növbəti toplantısı keçirilib

Cəmiyyət Materials 6 İyul 2019 14:49 (UTC +04:00)
Ombudsman yanında “Biznes və insan hüquqları” üzrə İşçi Qrupun növbəti “İnformasiya əldə etmək hüququnun təmini biznes və insan hüquqları kontekstində” mövzusunda 18-ci toplantısı keçirilib.
Ombudsman yanında “Biznes və insan hüquqları” üzrə İşçi Qrupun növbəti toplantısı keçirilib

Bakı. Trend:

Ombudsman yanında “Biznes və insan hüquqları” üzrə İşçi Qrupun növbəti “İnformasiya əldə etmək hüququnun təmini biznes və insan hüquqları kontekstində” mövzusunda 18-ci toplantısı keçirilib.

Trend-in məlumatına görə, adı çəkilən tədbirdə İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Ədliyyə, İqtisadiyyat Nazirliklərinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, aidiyyəti dövlət qurumlarının nümayəndələri, Ombudsman yanında fəaliyyət göstərən Ekspertlər Şurasının üzvləri və digər QHT təmsilçiləri iştirak ediblər.

Aktual mövzuya həsr edilmiş tədbiri giriş sözü ilə açan Müvəkkil “Biznes və insan hüquqları sahəsində rəhbər prinsiplər”i haqqında məlumat verərək, bu sənədin dövlət qurumlarının və biznes qurumlarının məsuliyyətini (korporativ sosial məsuliyyəti) və insan hüquqlarının pozulması hallarında hüquq müdafiə vasitələrinə çatım məsələləri kimi fəaliyyət istiqamətlərini nəzərdə tutduğunu diqqətə çatdırıb.

Müvəkkilin təşəbbüsü ilə “Biznes və insan hüquqları” sahəsinə diqqətin daha da artırılması, bu sahədə aidiyyəti qurumların fəaliyyətinin əlaqələndirilməsi, qanunvericiliyin təkmilləşdirilməsi, marifləndirmə işinin gücləndirilməsi məqsədi ilə 2013-cü ildən etibarən Biznes və İnsan Hüquqları üzrə İşçi qrup təsis edildiyini, həmin İşçi Qrup tərəfindən əhalinin həssas qruplarının hüquq və azaqdlıqlarına, gender bərabərliyi, sahibkarların hüquqlarının müdafiəsi, qida təhlükəsizliyi, tikintidə təhlükəsizlik, ekoloji problemlər, istehlakçıların hüquqlarının müdafiəsi və digər aktual mövzular üzrə indiyədək 17 dəyirmi masa təşkil olunduğunu, səslənən fikir və tövsiyələrin ümumiləşdirilməklə aidiyyəti qurumlara göndərildiyini və onlardan bir çoxunun öz həllini tapdığını, bu təkliflərin eyni zamanda Müvəkkilin illik məruzələrində də yer aldığını vurğulayıb.
Diqqətə çatdırılıb ki, ümumdünya əhəmiyyəti daşıyan, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 16.10-cu hədəfi fundamental hüquq olaraq informasiya əldə etmək hüququnun beynəlxalq sənədlərə və milli qanunvericiliyin tələblərinə müvafiq qaydada təmin olunmasına həsr olunub. İşçi qrupun fəaliyyət istiqamətlərindən birini də məhz BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin təbliği, təşviqi və təmin olunması istiqamətində fəaliyyətin həyata keçirilməsi təşkil edir.

E.Süleymanova çıxışında bildirib ki, “İnformasiya əldə etmək haqqında” qanunun icrasına nəzarət isə həm bu qanunla, həm də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanunu ilə Ombudsmana həvalə olunmuşdur. Bununla əlaqədar olaraq Müvəkkil informasiya sahibi olan dövlət orqanları, yerli özünüidarə orqanları və vəzifəli şəxslər tərəfindən bu qanunun tələblərinin pozulması halları ilə bağlı ünvanına daxil olmuş şikayətləri səlahiyyətləri çərçivəsində operativ şəkildə araşdırır, pozuntu hallarının aradan qaldırılması, vətəndaşların informasiya sorğularının cavablandırılması istiqamətində zəruri tədbirlərin görülməsinə nail olur.

Ombudsman informasiya əldə etmək sahəsində qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı davamlı olaraq təklif və tövsiyələrini aidiyyəti qurumlara təqdim etdiyini, Nazirlər Kabinetinin ödənişli informasiyanın verilməsi şərtlərini, qaydalarını, siyahısını və bu sahədə güzəştləri müəyyən edən 158 saylı Qərarının qəbul edilməsi zamanı Müvəkkilin təqdim etdiyi təkliflər paketinin də nəzərə alındığını qeyd etmişdir. Bu təkliflər sırasında xüsusilə əhəmiyyət kəsb edən ölkədə kiçik və orta sahibkarlıq subyektlərinin maraqlarının müdafiəsi baxımından sahibkarların gəlirlərindən dövlətin prioritet məqsədləri, habelə xeyriyyəçilik fəaliyyətinə sərf olunmuş vəsaiti çıxmaqla sadələşdirilmiş vergi hesablanmasının tətbiq olunmasıdır.

Müvəkkil qadın sahibkarların sayının artdığını, İnformasiya Kommunikasiya Texnologiyalarının inkişafı nəticəsində e-hökumət, e-ticarət, distant təhsil və sairin təşəkkül tapmasının xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində mühüm addımların olduğunu qeyd edib.

Çıxışı zamanı Müvəkkil qeyd edib ki, müvafiq sahədə ciddi islahatların olmasına baxmayaraq, mobil operatorların fərdi məlumatları həmin məlumat sahiblərinin xəbəri və razılığı olmadan yayması, nəticə etibarı ilə onlara narahatlıq yaranması və maddi ziyan vurulması; zəng mərkəzləri istisna olmaqla, vətəndaşların şirkətlərin aidiyyati bölmə və şöbələri ilə birbaşa və ya dolayısı yolla telefon əlaqəsi yaratmasının çətinliyi, müraciətlərin şirkətlər tərəfindən şikayətçinin iştirakı olmadan araşdırılması; şikayətçinin mövqeyinin bir çox hallarda nəzərə alınmaması; və ya əksinə şirkət və dövlət qurumlarının əsassız olaraq informasiya sorğularına məlumatların məxfiliyi, yəni kommersiya sirri, dövlət sirri və ya xidməti məlumat olması bəhanəsi ilə cavab verməməsi; informasiya əldə etmək hüququnun təmininə dair məhkəmə qərarlarının icra edilməməsi; vətəndaşların özləri haqqında məlumatları əldə edə bilməməsi; qurumların elektronlaşmış xidmət sistemləri arasında əlaqənin olmaması; cərimə barəsində məlumatların vətəndaşların çıxışı olan məlumat bazasında vaxtında yerləşdirilməməsi və s. bu kimi məsələlər öz həllini tapmalıdır.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sektor müdiri Kamal Məmmədov uşaqlar və gənclər arasında internetdən təhlükəsiz istifadənin təbliğinin və onları mövcud təhdidlər barəsində məlumatlandırmağın, kibertəhlükəsizlik sahəsində aidiyyəti dövlət qurumlarının, vətəndaş cəmiyyəti və internet istifadəçilərinin maarifləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Nazirliyin əməkdaşı çıxışında habelə “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununa abunəçinin müraciəti əsasında uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması üçün internet informasiya ehtiyatlarından təhlükəsiz istifadə imkanlarını təmin etmək və zərərli informasiyadan qorunması üçün tədbirlər görülməsini tələb etmək kimi dəyişikliklərin edilməsi barədə məlumat verib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sektor müdiri Adil Ələkbərov “ASAN xidmət” mərkəzlərinin, regionlarda həssas qrupların nümayəndələri üçün səyyar, habelə xəstə və ahıl şəxslərə evlərində xidmət göstərə bilmələri üçün səyyar mobil avtobusların fəaliyyəti, vətəndaşların işlərini asanlaşdırmaq, onların istədikləri arayışları almasında çətinliklərin aradan qaldırılması və şəffaflığın təmini məqsədilə yaradılmış “myGov” portalı barəsində məlumat verib.
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin əməkdaşı Ləman Mehdiyeva informasiya azadlığı haqqında daxili icraat qaydaları, informasiyanın vaxtında təmin edilməsi üzrə prosedur qaydaları, Nazirliyə daxil olan müvafiq şikayət və sorğuların icraatı ilə bağlı məlumatı tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Dəyirmi masada “İnformasiya əldə etmək haqqında” Qanunun tətbiqi, informasiyanın təhlükəsizliyi, fərdi məlumatların qorunması, bu sahədə dövlət və biznes qurumlarının fəaliyyəti, informasiya əldə etmək hüququnun təmini ilə bağlı qanunvericiliyin icrasına məhkəməyəqədər nəzarət mexanizmləri, məhkəmə təcrübəsi, beynəlxalq praktika və mövzu üzrə digər aktual məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Müzakirələr zamanı Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli, Azərbaycan Qadın və İnkişaf Mərkəzinin rəhbəri Pərvin Məmmədova, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov və digər iştirakçılar fikir və mülahizələrini bildiriblər.

Tədbirin sonunda informasiya azadlığının effektiv təmini məqsədilə vətəndaşlar arasında maarifləndirmənin genişləndirilməsi; maarifləndirici və sosial çarxların çəkilməsi; keçmiş məhkumların məşğulluğunun təmin edilməsi məqsədilə şirkətlər tərəfindən stiqmanın aradan qaldırılması üçün tədbirlərin görülməsi; bütün qurumların qabaqcıl metodlardan istifadəsi və müsbət təcrübələrini bölüşməsi; qeyri-hökumət təşkilatlarının şəbəkə şəklində əlaqəli fəaliyyət göstərməsi; plastiklərdən istifadənin qarşısının alınması və təkrar istifadəyə yönəldilməsi; internetdən istifadə qaydaları, kibertəhlükə, mövcud təhdidlər barəsində əhalinin çatımlığını təmin etmək üçün asan və hər bir kateqoriyadan olan insanlar üçün anlaşılan dildə broşür, lifletlərin hazırlanması və s. təkliflər səsləndirilib.
Ümumiyyətlə bu cür təkliflərin icrası məqsədilə Ombudsman təsisatı bir qayda olaraq, müvafiq səlahiyyətli qurumlarla işgüzar əlaqələr saxlayır və onların əksəriyyəti nəzərə alınır.

Tədbirin sonunda iştirakçılar interaktiv fikir mübadiləsi və bu cür aktual məsələni müzakirəyə çıxardığı üçün Müvəkkilə təşəkkür edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti