...

ADU-da Alman Bundestaqının Beynəlxalq Parlament Təqaüdünün təqdimatı keçirilib (FOTO)

Cəmiyyət Materials 30 Oktyabr 2019 19:53 (UTC +04:00)
Alman Bundestaqının deputatı Yan Metslerin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dillər Universitetində (ADU) olublar.
ADU-da Alman Bundestaqının Beynəlxalq Parlament Təqaüdünün təqdimatı keçirilib (FOTO)

Bakı. Trend:

Alman Bundestaqının Beynəlxalq Parlament Təqaüdü proqramında iştirak etmək üçün ən yaxşı azərbaycanlı iştirakçıları seçmək məqsədilə Bakıya səfəri çərçivəsində Alman Bundestaqının deputatı Yan Metslerin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dillər Universitetində (ADU) olublar.

ADU-nun rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla Alman Bundestaqının Beynəlxalq Parlament Təqaüdü proqramını son dərəcə yüksək qiymətləndirdiyini diqqətə çatdırıb: “Bu layihə ilə əlaqədar universitetdə müəyyən görüşlər keçirilib. Bu proqram yalnız ADU-da – alman mədəniyyətini öyrənən tələbələr, müəllimlər arasında deyil, Azərbaycanın geniş ictimai, siyasi zümrələri arasında da məşhur proqrama çevrilir.

Təbii ki, bu, Azərbaycan və Almaniya gənclərinin bir-birini daha yaxşı tanımasına, dünyagörüşünə, intellektual-mədəni səviyyələrinin daha da artırılmasına xidmət göstərən proqramdır. Almaniya Bundestaqında beş ay müddətinə təcrübə keçmək bir gənc üçün böyük şansdır. Mən inanıram ki, seçilən azərbaycanlı gənclər Almaniyada Azərbaycanı ləyaqətlə təmsil edəcəklər. Arzumuz ondan ibarətdir ki, gələn seçimlərdə gənclərimizin sayı artsın. Bu faktın özü də Azərbaycanda Almaniyanı sevən, onu öyrənən, mədəniyyətinə bələd olmaq arzusu ilə yaşayan gənclərimizin daha da çoxalmasına səbəb olacaq”.

Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq proqramın üstünlüklərindən və əhəmiyyətindən söz açıb. Proqram haqqında məlumat verən səfir onun Alman Bundestaqı prezidentinin xüsusi himayəsi və Berlinin üç universiteti ilə əməkdaşlıq çərçivəsində həyata keçirildiyini diqqətə çatdırıb. O, həmçinin qeyd edib ki, bu proqram hər il ali məktəbi bitirən gənclərə Bundestaqın bir deputatının yanında çoxaylıq iş təcrübəsi keçərək parlamentar qərarvermə proseslərinə yaxından nəzər salmaq imkanı verir.

Almaniya Bundestaqının deputatı Yan Metsler və Berlin Humbolt Universitetinin prorektoru professor Peter Frenş İPS-proqramı haqqında məruzə ilə çıxış ediblər.

Sözügedən proqramın ötən ilki iştirakçısı, ADU-nun məzunu Zaur Bəndəliyev təcrübə və təəssüratlarını bölüşüb.

Sonda təqaüd proqramından bəhs edən tanıtım çarxı nümayiş olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti