...

22 məktəbdə “Kiçik Akademiya”ların yaradılması ilə bağlı hazırlıq işləri görülür

Cəmiyyət Materials 16 Dekabr 2019 16:40 (UTC +04:00)
Hazırda Bakıda 22 məktəbdə “Kiçik Akademiya”ların yaradılması ilə bağlı hazırlıq işləri görülür.
22 məktəbdə “Kiçik Akademiya”ların yaradılması ilə bağlı hazırlıq işləri görülür

Bakı. İlhamə İsabalayeva - Trend:

Hazırda Bakıda 22 məktəbdə “Kiçik Akademiya”ların yaradılması ilə bağlı hazırlıq işləri görülür.

Trend-in məlumatına görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri (BŞTİ) Rəşad Tağıyev deyib.

Onun sözlərinə görə, istedadlı şagirdlərin aşkara çıxarılması və inkişaf etdirilməsi prioritet istiqamətlərdən biridir. İstedadlı şagirdləri vaxtında aşkara çıxarmaq, onların elmə olan marağını artırmaq, nəzəri və təcrübi biliklərini təkmilləşdirmək, şagirdlərin məntiqi biliklərinin artmasına təkan vermək təhsilin əsas hədəfləri kimi diqqət mərkəzində saxlanılır.

Məktəblərdə fəaliyyət göstərən “Kiçik akademiya”lar yuxarı sinif şagirdlərinin elmi axtarışlara sövq edilməsi və onların müasir tədqiqat metodlarına yiyələnməsi məqsədlərinə xidmət edir.

Hazırda BŞTİ-nin tabeliyindəki 285 ümumi təhsil məktəbində “Kiçik Akademiya” fəaliyyət göstərir.

R.Tağıyev əlavə edib ki, şagirdlərdə tədqiqatçılıq bacarığını formalaşdırmaq, onların yüksək texnoloji ixtisaslara marağını artırmaqla təfəkkürün inkişafına nail olmaq məqsədilə Təhsil Nazirliyi və Alqoritmika MMC-nin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Rəqəmsal bacarıqlar” layihəsinə artıq 75 ümumi təhsil məktəbi cəlb olunub. Layihə çərçivəsində 205 informatika müəlliminin iştirakı ilə “İnformatika müəllimlərinin metodiki biliklərinin və texniki bacarıqlarının təkmilləşdirilməsi” mövzusunda 36 akademik saatlıq ixtisasartırma təlimi keçirilib.

Layihə çərçivəsində 12 ümumi təhsil məktəbində “Kod saatı” aksiyası keçirilib. Aksiyada ümumilikdə 1 757 nəfər şagird iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti