...

Doktor Şamil Rzayev: Gələcək bu gündən başlanır!

Cəmiyyət Materials 6 Fevral 2020 14:00 (UTC +04:00)
Gələcək bu gündən başlanır!
Doktor Şamil Rzayev: Gələcək bu gündən başlanır!

Bakı. Trend:

- Özünüz haqqında məlumat verməyinizi xahiş edirik.

- Mən Rzayev Şamil Ehtibar oğlu 1988-ci ildə Bakı şəhərində həkim ailəsində anadan olmuşam. Orta təhsilimi Yasamal rayonu 175 saylı məktəbdə almışam. Ali dərəcəli həkiməm. Ukrayna Tibb Akademiyasının ordinantıyam.Səhiyyə sahəsi üzrə 20-ə yaxın məqalənin müəllifiyəm. 2010-2011-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşam. Hazırda həkim-stomatoloq kimi "Dental Arts Studio" Klinikasında baş həkim vəzifəsində çalışır, həmçinin, "A-qrup" sığorta şirkətində həkim ekspert vəzifəsini icra edirəm.

- Sizin parlament seçkilərinə namizəd olaraq qatılmağınıza hansı amillərin təsiri olub?

- Hər bir başlanğıcın təməli dürüstlük və səmimiyyətdən ibarət olmalıdır. Düşünürəm ki, Vətənini, dövlətini sevən hər bir insan xalqı üçün bacardığı qədər xeyirli iş görməlidir. Fikrimcə millət vəkili olmaq üçün siyasətçi olmaq şərt deyil, vacib olan xalqını sevməkdir! Deputat - seçicilərinin ehtimad göstərdiyi, inam bəslədiyi, ümidlə yanaşdığı şəxsdir. O, bütün məsələlərdə dövlətinin, xalqının yanında olmalı, fəal həyat mövqeyi ilə fərqlənməlidir. Deputat, həm də Azərbaycan vətəndaşının, seçicilərinin parlamentdəki səsi, tribunası deməkdir. Millət vəkili ölkəsinin taleyi ilə bağlı xalqını maraqlandıran və narahat edən məsələlərin həllində öndə olmalıdır. Həm seçicisini parlamentdə ləyaqətlə, həm də dövlətini beynəlxalq arenada layiqincə təmsil etməlidir. Ümummilli liderimiz Heydər Əliyevin bizə əmanət etdiyi müstəqil Azərbaycanımızın inkişafı üçün bir vətəndaş olaraq öz qarşılığımızı xidmətlərimizdə əks etdirməliyik!

- Sosial şəbəkələrdə xeyriyyəçi həkim kimi haqqınızda mütəmadi paylaşımlar edilir. Şəxsi vəsaiti hesabına aztəminatlı ailələrə, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qardaş və bacılarımıza, Qarabağ müharibəsi əlillərinə və veteranlara pulsuz tibbi yardım göstərdiyiniz vurğulanır. Bu haqda fikirləriniz?

- Fikrimcə hansı peşənin sahibi olmağından asılı olmayaraq öncə insan olmaq lazımdır. Mən ziyalı ailəsində doğulmuşam. Məni Vətənimə, xalqıma və ümumən insanlıq sevgi və xidmət ruhunda böyüdüblər. Sizin sualınıza gəlincə, mən özümü xeyriyyəçi həkim adlandırmıram. Ətrafdakı insanlar əgər belə qiymətləndirirsə bu mənim gələcəkdə bu istiqamətdə fəaliyyətimi davam etdirməyimə bir stimuldur. Mən heç vaxt reklam xatirinə iş görməmişəm. Bu mənim təbiətimə yaddır. Düşünürəm ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından və qanından keçən insanlara xidmət etmək, xalqı üçün faydalı və xeyirli işlər görmək hər birimizin müqəddəs borcudur.

- Namizədliyinizi irəli sürdüyünüz seçki dairəsində tez-tez seçicilərlə görüşürsünüz. Onları hansı problemlər narahat edir?

- İlk növbədə bəzi rayonlarda həmin ərazinin deputatlarının 5 ildə bir dəfə də olsun sakinlərin problemləri ilə maraqlanmaması. Bu çox acınacaqlı haldır. Digər vacib məqam namizədliyimi irəli sürdüyüm dairələrə aid rayonlarda, qəsəbələrdə sakinlərin uzun illərdir ki, yaşadığı evlərinin çıxarışlarının və digər sənədlərinin olmamasına görə qeydiyyata alınmamasıdır. Çox təəssüflə qeyd etmək istəyirəm ki, bəzi rayonlarda vətəndaşların şikayətləri həll olunmayıb. Bəzi qəsəbələrdə yolların bərbad vəziyyətdə olması, kanalizasiya sisteminin işləməməsi və digər sosial problemlər həlli yolunu gözləyir. Qaradağ rayonunun Puta qəsəbəsində normal şəraiti olan tibb məntəqəsinin və aptekin olmaması isə təəssüf doğuran məqam oldu. Çünki normal tibb məntəqəsi və aptekin olmaması insan həyatına son qoya bilər. Görünən odur ki, həmin ərazinin deputatının bu məsələyə biganəliyi əhalinin əziyyət çəkməsinə səbəb olur.

- Deputat seçildiyiniz təqdirdə hansı işləri görəcəksiniz?

- Deputat xalqı narahat edən problemlərin həllinə nail olmaq üçün aidiyyatı qurumların qarşısında məsələ qaldırmaq səlahiyyətinə sahibdir. Bu qurumlar problemlərin həlli üçün əsaslı iş görmədikdə isə artıq məsələ deputat tərəfindən Milli Məclisdə qaldırılmalıdır. Deputat seçiləcəyim təqdirdə namizədliyimi verdiyim dairənin ərazisində olan problemlərin həlli üçün əlimdən gələn köməyi əsirgəməyəcəyəm. Sağlamlığımı və həyatımı belə əsirgəmədən seçicilərimin maraqlarını müdafiyə edəcəyəm.

Namizədliyimi irəli sürdüyüm seçki dairəsi paytaxtın 3 rayonunun - Binəqədi, Qaradağ, Yeni Yasamal ərazilərini əhatə edir. İlk baxışdan mürəkkəb görünən bir bölgüdür. Amma bütün seçicilərimi əmin edirəm ki, yaddan çıxan hansısa rayon, məhəllə qalmayacaq. Bildiyiniz kimi, onların hər birinin tikinti-abadlıq, yol-nəqliyyat, kommunal, enerji təminatı, kommunikasiya ilə bağlı bu və ya digər həllini gözləyən probemləri vardır. Bəziləri aylar, illərdir ki, həll olunmasını gözləyir. Seçici sakinlər bu istiqamətlərdə konkret tədbirlərin görülməsində daha maraqlıdırlar. Onların bu və ya digər məsələlərlə bağlı tez-tez müxtəlif təşkilatlara üz tutub qiymətli vaxtlarını itirməmələri üçün ilk işimiz seçki dairəsi ərazisində yerli ofisimizin açılmasıdır ki, insanlar oradakı təmsilçimizə problemləri barədə müraciət etsinlər.

- Hər bir namizədin seçki platformasında diqqət mərkəzində saxladığı məsələlər var. Siz hansı istiqamətləri əsas götürmüsünüz?

- Mən ali təhsilli həkiməm. Təbii ki, platformamda da bu istiqamətdə görəcəyim işlər, irəli sürəcəyim təkliflər daha qabarıq yer alıb. Buna görə də ona sağlam həyat, sağlam düşüncə, sağlam məqsəd başlığı seçmişəm.

Sağlam həyat tərzinin formalaşdırılmasında səhiyyə xidmətinin müstəsna rolu vardır. Mən də daha müasir, ən son tibbi müəssisələrin açılmasını, dispanserizasiyanı, əhalinin tibbi maarifləndirilməsini önəmli sayıram. Eyni zamanda, hesab edirəm ki, pulsuz tibbi xidmətin əhatə dairəsi daha da genişləndirilməli, pullu tibbi xidmətin tarifləri insanların maddi imkanlarına uyğun olaraq müəyyənləşdirilməlidir. Kütləvi informasiya vasitələrində səhiyyə, müxtəlif xəstəliklərin profilaktikası ilə bağlı verilişlərin peşəkarlıq səviyyəsi yüksəldilməlidir.

Sağlam cəmiyyətin əsasını sağlam düşüncəli insanlar təşkil edir. Belə insanlar sağlam ailədə, sağlam mühitdə böyüyür, formalaşır. Ölkənin, cəmiyyətin faydalı üzvünə çevrilir. Ailənin müttəfiqi uşaq bağçaları, orta və ali təhsil müəssisələridir. Elm ocaqları isə bu tərəfdaşlığın ali ünvanı sayılır. Dövlətimiz bu istiqamətlərin hər birinin yüksək model kimi formalaşdırılmasında maraqlıdır, mənəvi-iqtisadi və sair vasitələrlə həmin sahələrə köməyini əsirgəmir. Bununla belə həllini gözləyən problemlər hələ də qalmaqdadır. Müşahidələr göstərir ki, orta və ali ixtisas təhsili müəssisələrinə daxil olanların 80 faizi repetitorların yanında hazırlıq keçir. Bu, məktəbin və müəllimin öz funksiyalarının öhdəsindən nə dərəcədə gəlməsi barədə suallar doğurur. Çıxış yollarından birini məktəblərdə fənnlər üzrə dərnəklərin bərpasında görürəm. Bu üsul repetitorluğun aradan qalxmasına təkan verər.

Bu gün işsizlik cəmiyyətimizi narahat edən böyük problemdir. İşsizlik bəlasının qismən aradan qaldırılması üçün təmsil olunduğum rayonlar üzrə vaxtaşırı əmək yarmarkalarının təşkil olunmasına çalışacağam ki, işsizlik bəlasının aradan qaldırılmasına yardımçı ola bilim.

Həmçinin gənclərin asudə vaxtın səmərəli təşkili də önəmlidir. İnsanların şən və gümrah yaşamaları daha çox onların məskunlaşdıqları ərazidə sağlam həyat tərzinin bərqərar olması ilə əlaqədardır. “Abad məhəllə”lərin yaradılması istiqamətində görülən işlər də buna xidmət edir. Həqiqətən də bağı, bağçası, yaşlılar və uşaqlar üçün istirahət guşələri olan yerlərdə insanların asudə vaxtı səmərəli keçir, ömrü də uzanır. Çalışacağam ki, təmsil etdiyim rayonların hər bir məhəlləsində belə nümunələrin sayı artırılsın.

Bu sadaladıqlarımdan da əlavə həllini gözləyən məqamlar var. Bacardığım qədər onları diqqətdə saxlamağı və həlli yollarını araşdırıb müəyyən nəticə əldə etməyi qarşıma məqsəd qoymuşam.

Bu gün ölkəmizdə hər sahədə gənclərə göstərilən dövlət diqqət və qayğısı bir gənc olaraq məni daha yüksək məramlar naminə çalışmağa həvəsləndirir. Sonda seçiciləri gəncliyə, arzu və istəklərinin təmsilçisinə səs verməyə çağırıram.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti