...

Azərbaycan Universitetində “Xocalı – zülmət bir gecə” filminin təqdimatı olub (FOTO)

Cəmiyyət Materials 25 Fevral 2020 11:30 (UTC +04:00)
Azərbaycan Universitetinin tələbələri üçün “Xocalı – zülmət bir gecə” filminin təqdimatı keçirilib.
Azərbaycan Universitetində “Xocalı – zülmət bir gecə” filminin təqdimatı olub (FOTO)

Bakı. Trend:

Azərbaycan Universitetinin tələbələri üçün “Xocalı – zülmət bir gecə” filminin təqdimatı keçirilib. Erməni Təcavüzünün Tanıdılması İctimai Birliyinin sədri, publisist Səriyyə Müslümqızının yeni layihəsi olan film Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanıb. Filmdə Xocalı soyqırımında ermənilərin girovluğunda olan soydaşlarımızın ağlasığmaz işgəncələrə məruz qaldığı onların özü tərəfindən nəql edilir.

Universitetdən Trend-ə bildirilib ki, tədbirdə Xocalı şəhidlərinin, o cümlədən Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Xocalı soyqırımı haqqında tarixi faktlar diqqətə çatdırılıb, ölkəmizin 1992-ci ildə Xocalıda baş verənlərin beynəlxalq aləmdə soyqırımı kimi tanıdılması ilə bağlı sistemli təbliğata nail olduğu qeyd olunub.

Erməni Təcavüzünün Tanıdılması İctimai Birliyinin sədri Səriyyə Müslümqızı Xocalı soyqırımının qəddarlıq baxımından tarixin ən qanlı səhifələrindən biri olduğunu, faciənii gözləri ilə gördüyünü və “o gecə”nin içindən keçdiyini bildirib. Səriyyə Müslümqızı indiyə qədər Xocalı soyqırımından bəhs edən 5 film ərsəyə gətirdiyini qeyd edərək faciənin beynəlxalq miqyasda tanıdılması üçün daha çox işin görülməsinin vacibliyini bildirib və “Xocalıya ədalət” beynəlxalq kampaniyasının konkret nəticələrini diqqətə çatdırıb.

İctimai elmlər kafedrasının müdiri, prof. Qabil Əliyev ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımı və qırğınların tarixi kökləri haqqında danışıb, tarixi unutqanlıq və yaddaşsızlığın hər bir xalq üçün faciəvi nəticələrə səbəb olduğunu vurğulayıb. Qabil Əliyev Xocalı soyqırımının tanıdılması istiqamətində hər bir azərbaycanlının, o cümlədən gənclərin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb.

Tədbirdə Səriyyə Müslümqızının yenidən nəşr olunan “Onlar heç vaxt böyüməyəcəklər” kitabı haqqında da məlumat verilib. Bildirilib ki, Azərbaycan, ingilis, rus və türk dillərində nəşr olunan kitabda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilmiş soyqırımında şəhid olan 63 uşaqdan bəhs olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti