...

Tələbələrin təhsil haqqının ödənilməsi üçün müraciətlərin qəbulu qısa müddətdə başlayacaq - Ceyhun Bayramov

Cəmiyyət Materials 14 Aprel 2020 23:22 (UTC +04:00)
Tələbələrin təhsil haqqının ödənilməsi üçün müraciətlərin qəbulu qısa müddətdə başlayacaq - Ceyhun Bayramov

Bakı. İlhamə İsabalayeva – Trend:

Təhsil müəssisələri həssas əhali qrupuna aid olan tələbələrin təhsil haqqının ödənilməsi üçün müraciətlərin qəbuluna qısa müddətdə başlayacaqlar.

Trend-in məlumatına görə, bunu Təhsil naziri Ceyhun Bayramov AzTV-nin “Hədəf” verilişində deyib.

Nazirin sözlərinə görə, bütün təhsil müəssisələrində bu məsələ ilə bağlı məsul şəxslər müəyyən ediləcək. Bununla bağlı məktublar artıq təhsil müəssisələrinə təqdim edilib.

C.Bayramov bildirib ki, təhsil müəssisələri bu məsələ ilə bağlı yaradılmış alt elektron sistem vasitəsilə məlumatları elektron qaydada təqdim edəcəklər. Mülkiyyət növündən asılı olmayaraq, bütün təhsil müəssisələri üzrə işin koordinasiyası Təhsil Nazirliyinə həvalə edilib:

“Nazirlik öz növbəsində sifarişləri Maliyyə Nazirliyinə təqdim edəcək. Maliyyə Nazirliyi maliyyələşdirməni həyata keçirəcək. Maliyyə vəsaitləri birbaşa olaraq, ali təhsil müəssisələrinə köçürüləcək”.

Nazir hazırda Azərbaycanda hər iki tələbədən birinin dövlət hesabına təhsil aldığını da nəzərə çatdırıb.

C.Bayramov əlavə edib ki, əksər ali təhsil müəssisələri tədrisin dayandırılması prosesinə çox tez reaksiya verdi:

“Burada reallıq ondan ibarətdir ki, ali məktəblərimizin mövcud vəziyyətə hazırlıq səviyyəsi eyni deyildi. Elə ali təhsil müəssisələri var idi ki, onlar çox hazırlıqlı idilər, onların elektron platformaları mövcud idi, əksər materialları elektron platformada yerləşdirmişdi. Distant təhsil mərkəzləri mövcud olan ali məktəblərimiz var idi. Ancaq yaxşı xəbər ondan ibarətdir ki, ilk günlərdə bir o qədər yaxşı hazırlıq səviyyəsi olmayan digər ali məktəblər də bu prosesə çox operativ şəkildə qatıldılar”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti