...

Ölkə ərazisində karantin müəssisələrinə yerləşdirməyə dair tələblər müəyyənləşib

Cəmiyyət Materials 1 May 2020 21:09 (UTC +04:00)
Ölkə ərazisində karantin müəssisələrinə yerləşdirməyə dair tələblər müəyyənləşib

Bakı. Trend:

Azərbaycan Respublikası ərazisində karantin müəssisələrinə yerləşdirməyə dair tələblər müəyyənləşib.

Trend-in məlumatına görə, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə Qaydaları”nda öz əksini tapıb.

Karantin müəssisəsinə yerləşdirilmə zamanı aşağıdakı tələblərə riayət olunmalıdır:

- hər bir şəxs havalandırılan (ventilyasiya olunan) tək yerli və sanitar qovşağı ilə təmin edilmiş otaqlarda yerləşdirilməli, bu mümkün olmadıqda isə xəstəliyin yoluxdurucu xüsusiyyətləri nəzərə alınaraq çarpayılar arası minimal məsafə təmin edilməlidir;

- karantin müəssisəsində yerləşdirilmiş şəxslərin tibbi maskadan istifadə etməsinə və xəstəliyin yoluxdurucu xüsusiyyətləri nəzərə alınaraq minimal məsafənin saxlamasına nəzarət edilməlidir;

- karantin müəssisəsində yerləşdirilmiş şəxslərə xidmət göstərən tibb işçiləri və digər işçilər tərəfindən yoluxma riskini istisna edən sanitariya-gigiyena qaydalarına və normalarına riayət edilməlidir.

- karantin müəssisələrinə yerləşdirilmiş şəxslərin əşyaları, o cümlədən fərdi gigiyena vasitələri, geyimləri, yataq ləvazimatları digərlərinin əşyalarından təcrid edilməli və ayrıca yuyulmalıdır;

- karantin müəssisəsinin ərazisi mütəmadi olaraq, sanitar qovşaqları isə gün ərzində 1 (bir) dəfədən az olmayaraq xüsusi məhlullarla dezinfeksiya edilməlidir.

Xəstəliyin yoluxdurucu xüsusiyyətlərindən asılı olaraq, Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin təklifləri əsasında karantin müəssisələrində xəstəliyin yayılmasının qarşısını almaq məqsədilə əlavə tədbirlər görülə bilər.

Karantin nəzarətinə götürülmüş şəxslərin karantin yerini tərk etməsi və kənar şəxslərin onları ziyarət etməsi (“Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sosial xidmət göstərilməsi halları istisna olmaqla) qadağandır.

Karantin müəssisəsində yerləşdirilmiş risk qrupunda olan şəxslərdə yoluxucu xəstəliyin ağırlaşma riskinin yüksək olması nəzərə alınaraq, həmin şəxslər mütləq tək yerli otaqlarda yerləşdirilməli və onların müəssisədə olan digər şəxslərlə təması məhdudlaşdırılmalıdır.

Karantinə götürülmüş şəxslərə “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq psixoloji yardım göstərilir.

Karantin müəssisəsinə yerləşdirilmiş şəxslərin ailə üzvləri ilə əlaqə saxlaması (ziyarət edilməsi istisna olmaqla) üçün şərait yaradılır.

Karantin rejimini pozan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti