...

Müəllimlərin işə qəbulu müsabiqəsinin daha geniş məkanda keçirilməsi ilə bağlı müzakirələr aparılır - NAZİRLİK

Cəmiyyət Materials 9 İyun 2020 11:57 (UTC +04:00)
Azərbaycanda mövcud sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq, cari ildə müəllimlərin işə qəbulu müsabiqəsinin zəruri tədbirlər görülməklə (temperaturun yoxlanılması, vətəndaşlar arasında sosial məsafənin qorunması, seanslar arası dezinfeksiya işlərinin aparılması və s.) daha geniş məkanda keçirilməsi ilə bağlı müzakirələr aparılır.
Müəllimlərin işə qəbulu müsabiqəsinin daha  geniş məkanda keçirilməsi ilə bağlı müzakirələr aparılır - NAZİRLİK

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda mövcud sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq, cari ildə müəllimlərin işə qəbulu müsabiqəsinin zəruri tədbirlər görülməklə (temperaturun yoxlanılması, vətəndaşlar arasında sosial məsafənin qorunması, seanslar arası dezinfeksiya işlərinin aparılması və s.) daha geniş məkanda keçirilməsi ilə bağlı müzakirələr aparılır.

Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin nümayəndələri İctimai Şuranın onlayn iclasında bildiriblər.

İclasda iştirak edən Təhsil nazirinin müşaviri Elnur Məmmədov və nazirliyin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov məlumat verərək bildiriblər ki, müəllimlərin işə qəbulu müsabiqəsinin mərkəzləşdirilmiş şəkildə keçirilməsi vakant yerlərin sağlam rəqabət əsasında və peşəkar kadrlar tərəfindən tutulmasını təmin edir. Müsabiqə zamanı nəzərdə tutulan stimullaşdırıcı tədbirlər isə ucqar bölgələrdə kadr çatışmazlığı probleminin həllinə ciddi töhfə verir. Son illər müəllimlərin işə qəbulu qaydalarında obyektivlik baxımından əhəmiyyətli dəyişikliklər edilib. Belə ki, müddətli müqavilə ilə işə qəbulun mərkəzləşmiş qaydada həyata keçirilməsi, elektron yerləşdirmələr başa çatdıqdan sonra tutulmayan və yeni yaranan vakant yerlərin, ilk növbədə, həmin rayon üzrə qeydiyyatda olan namizədlərə təklif olunması, tutduqları vakansiyadan imtina edən namizədlərin müsabiqənin növbəti turlarına buraxılmaması (namizədlərin vakant yerlərin seçimində daha məsuliyyətli olması baxımından), müsabiqənin test imtahanı mərhələsində məntiqə aid sualların çıxarılması dəyişikliklərin əsas tərkib hissəsidir.

Müzakirə zamanı Şura üzvlərinin bu il müəllimlərin işə qəbulu üzrə müsabiqəyə, o cümlədən, müsahibə mərhələsinə nəzarət etmələrinin təmin olunması, imtahanların bir neçə məkanda keçirilməsi imkanının araşdırılması, imtahanla bağlı tədris metodikası və təlim strategiyalarına aid vahid vəsaitin hazırlanmasına başlanılması, yerlərdə olan bütün vakansiyaların nazirliyə təqdim edilməsinə nəzarətin gücləndirilməsi, orta ixtisas təhsilli müəllimlərə tam orta təhsil səviyyəsində dərs demək hüququnun verilməsi və bir sıra digər məsələlərə dair təkliflər səsləndirilib, nazirlik tərəfindən müvafiq qərarların qəbul olunması istiqamətində tədbirlərin görülməsi tövsiyə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti