Bakı. Ceyhun Ələkbərov - Trend:
Son günlər şimal rayonlarına yağan yağışlar anbarlarda suyun səviyyəsinin artmasına səbəb olub.
Bunu Trend-ə açıqlamasında Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndəsi Qulu Kərimov bildirib. Onun sözlərinə görə, həmin bölgələrdə çaylardan keçən sel suları sonda anbarlara töküldüyündən bu artım qeydə alınıb:
"Taxtakörpü su anbarına son günlərdə saniyədə 8 kubmetr su gəlirdisə, yağıntılardan sonra bu göstərici saniyədə 40 kubmetr olub. Bundan əlavə Taxtakörpü su anbarı bildiyimiz kimi Bakı, Abşeron yarımadası və Sumqayıt şəhərinin əsas su mənbəyi olan Ceyranbatan su anbarını qidalandırır. Ceyranbatan su anbarında da ötən illərə nisbətən suyun azalması qeydə alınırdı, ancaq yağıntıların bu anbara da müsbət təsiri oldu. Düzdür, yağışlar çox az müddətdə, 3 gün davam etdi, bir az da çox yağsaydı, daha yaxşı nəticə əldə edə bilərdik”.
Q.Kərimov qeyd edib ki, şimal-qərb çayları Balakənçay, Kürmükçay, Kişçay, Daşağıl çayından sel suları keçib: “Həmin çayların üzərində su anbarları olmasa da, onlar da dolayı yollarla Mingəçevir su anbarına tökülürlər”.