Bakı. Fərid Zöhrabov - Trend:
Son günlər Zabrat-Kürdəxanı-Pirşağı avtomobil yolu səhər saatlarında Sabunçu körpüsü deyilən yerdə DYP əməkdaşları tərəfindən bağlanır və avtomobillərin hərəkətində məhdudiyyətlər yaranır. Bu da həmin ərazidə tıxaca səbəb olur.
Bu barədə Trend-ə gündəlik adıçəkilən yoldan istifadə edən sürücülər bildirib.
Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov iddialara aydınlıq gətirib.
"Zabrat-Kürdəxanı-Pirşağı avtomobil yolundan Heydər Əliyev prospektinə çıxan yolda 15-20 dəqiqə sürücülər dayanmalı olur. Yalnız iş günləri, 1-5-ci günlər səhər saatlarında, yəni pik saatlarda metronun "Koroğlu" stansiyası istiqamətində sıxlıq yaranır.
Bu da tıxaclara səbəb olur. Ona görə də aidiyyəti üzrə əməkdaşlarımız orada təxminən 20-30 dəqiqə müddətində xidmət aparmaqla keçmə növbəliliyini hissə-hissə tənzimləyirlər.
Əgər həmin ərazidə əməkdaşlar dayanıb xidmət aparmasa, nəqliyyat vasitələrinin hissə-hissə ardıcıl, növbəli şəkildə buraxılmasını təmin etməsələr, "Koroğlu" metrostansiyası istiqamətində maşınlar saatlarla tərpənməz vəziyyətdə qalar və hərəkət dayanar.
Ona görə də bu istiqamətlər üzrə hərəkət edən sürücülərə bildirirəm ki, burada narahatlığa səbəb yoxdur", - deyə o bildirib.
Vaqif Əsədov bu cür vəziyyətdə sürücülərə təmkinli olmağı və tələsməməyi tövsiyə edib.
"Hər kəs öz zolağı üzrə hərəkət etsin, hər bir sürücü getdiyi istiqaməti əvvəlcədən dəqiqləşdirib həmin zolağı tutsun, qarşı hərəkət zolağına çıxmasın. Yol kəsişmələrində sarı rəngli, tor tipli xətlərə diqqət yetirsinlər.
Bu tələblərə riayət edilmədiyi təqdirdə həmin ərazidə hərəkət istiqaməti üzrə sıx cərgələnmə yaranır. Bu da tıxaclara və sürücülərin ləngiməsinə səbəb olur. Ona görə də sürücülər bütün bu tələblərə əməl etməlidir", - V.Əsədov əlavə edib.