Bakı. Trend:
Dekabrın 15-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında ənənəvi xeyriyyə konserti və yarmarkası keçirildi.
Trend xəbər verir ki, hər il Yeni il bayramı ərəfəsində Macarıstanın ölkəmizdəki səfirliyi, “Nargis” fondu və jurnalının birgə təşkilatçılığı ilə keçirilən xeyriyyə axşamı iki dost ölkənin zəngin mədəniyyətini bir səhnədə birləşdirərək qarşıda qoyulmuş xeyriyyə məqsədlərinə nail olunmasına səbəb oldu. Bilet satışından və xeyriyyə yarmarkasından əldə olunan gəlir rekord rəqəm - 10 600 AZN təşkil etdi.
Xeyriyyə axşamı Macarıstanın Azərbaycandakı səfiri Viktor Sederkenyi, “MOL Upstream” şirkətinin Baş əməliyyat direktoru Thomas Quigley və “Nargis” Fondunun nümayəndəsi Nərmin Məmmədovanın açılış nitqləri ilə başladı. Qeyd olundu ki, ənənəvi tədbir Azərbaycan və Macarıstan arasında diplomatik əlaqələrin 30 illiyinə həsr olunub. Xeyriyyə tədbiri məhz Macarıstanın aparıcı neft və qaz korporasiyası olan və 2019-cu ildən etibarən Azərbaycanda fəaliyyət göstərən “MOL Group”-un dəstəyi ilə həyata keçirilib. Xeyriyyə axşamından toplanan bütün vəsait Elmi–Тədqiqat Pediatriya İnstitutunun Uşaq Bərpa Mərkəzinə yönləndiriləcəkdir.
Konsertdə müxtəlif beynəlxalq və dövlət mükafatları laureatı İştvan Palın rəhbərliyi ilə unikal folklor repertuarı ilə tanınan Macarıstan Dövlət Xalq Ansamblı çıxış etdi. Dünyaca məşhur İştvan Pal və ansamblı mühüm beynəlxalq Avropa festivallarında xüsusi yer alır, eyni zamanda Avropa, Amerika, Asiyada bənzərsiz əsərlərdən ibarət konsert proqramları ilə çıxış edirlər. Azərbaycanda ilk dəfə çıxış edən Macarıstanlı musiqiçi və rəqqaslar səhnəni Azərbaycan Respublikasının xalq artisti, Beynəlxalq Muğam Mərkəzinin direktoru, pianoçu Murad Hüseynovla bölüşdülər. Konsert Murad Hüseynov və İştvan Pal ansamblının birgə ifasında “Sarı gəlin” xalq mahnısı ilə başa çatdı. Klassik və folklor musiqinin sədaları, Qafqaz və Karpat bölgələrinin heyrətamiz mədəniyyəti, qeyri-adi duet, rəngarəng geyimlər və rəqslər tamaşaçıları valeh etdi. Konsertdən sonra qonaqlar Filarmoniyanın foyesində təşkil olunmuş xeyriyyə yarmarkasında müxtəlif Avropa delikatesləri və şokoladları, Macarıstandan gətirilmiş şirniyyatlar, rəngbərəng zəncəfilli peçenye, “Nargiz Art Studio” tələbələrinin rəsmləri, həmçinin HOMS (Diplomatik missiya rəhbərlərinin həyat yoldaşları) üzvləri tərəfindən xüsusi master-klassda hazırlanmış müxtəlif şirniyyatlar əldə etdilər.
Mədəniyyətlərarası xeyriyyə axşamının qonaqları da olduqca fərqli idi. Beləliklə, tədbirdə müəllimlər, həkimlər, şagirdlər, tələbələr, mədəniyyət xadimləri, Avropa İttifaqı ölkələrinin, İsrailin, Rusiyanın və bir sıra digər ölkələrin diplomatik korpuslarının rəhbərləri və ailə üzvləri, “MOL Azərbaycan” direktoru Atilla Şomfai və əməkdaşları, Macarıstanın fəxri konsulu Kamran Həsənov, “Rixter Gedeon” şirkəti, nazirliklər, müxtəlif dövlət qurumları, yerli və xarici şirkətlərin nümayəndələri iştirak etdilər.