...

Şərqşünaslıq İnstitutunda “Prezident İlham Əliyev: qlobal düşüncəyə əsaslanan müstəqil siyasət” mövzusunda elmi konfrans keçirilib (FOTO)

Cəmiyyət Materials 22 Dekabr 2021 18:30 (UTC +04:00)
Şərqşünaslıq İnstitutunda “Prezident İlham Əliyev: qlobal düşüncəyə əsaslanan müstəqil siyasət” mövzusunda elmi konfrans keçirilib (FOTO)

Bakı. Trend:

Dekabrın 22-də AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun təşkilatçılığı ilə “Prezident İlham Əliyev: qlobal düşüncəyə əsaslanan müstəqil siyasət” mövzusunda elmi konfrans keçirilib.

AMEA-nın əsas binasının 2-ci mərtəbəsindəki Akt zalında təşkil olunan tədbiri giriş sözü ilə açan Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyeva Azərbaycanın əldə etdiyi iqtisadi uğurların, beynəlxalq əlaqələrin yüksək səviyyədə qurulmasının, ötən ilin payızında Vətən müharibəsində Şanlı Zəfərin əldə edilməsinin Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin müdrik siyasəti sayəsində mümkün olduğunu bildirib. G.Baxşəliyeva qeyd edib ki, bu qələbənin əldə edilməsində ölkə rəhbərinin uğurla həyata keçirdiyi xarici siyasətin mühüm rolu var. Dövlət başçımızın məqsədyönlü xarici siyasəti nəticəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzu artdı, ölkəmiz söz sahibi olan qüdrətli dövlətə çevrildi. Bu mövqeyə çatmaqda Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin xidmətləri əvəzsizdir.

Son dövrlərdə ölkə rəhbərinin apardığı islahatlardan danışan Gövhər xanım yeni idarəçilik sisteminin tətbiqi ilə Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsinin, ölkədə idarəetmənin çevikliyinin təmin edilməsinin mümkün olduğunu, aparılan struktur islahatların idarəetmənin təkmilləşdirilməsi ilə yanaşı, əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsinə xidmət etdiyini, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan kompleks islahatların respublikamıza “dünyanın ən islahatçı ölkəsi” imici qazandırdığını deyib.

Sonra məruzələrə başlanıldı. İnstitutun Mərkəzi Asiya ölkələri şöbəsinin müdiri, iqtisadiyyat üzrə elmlər doktoru Dünyamalı Vəliyev “Qlobal düşüncəli lider” mövzusunda məruzəsində müasir dövrdə dövlətlərin təcrid olunmuş şəkildə idarəsinin mümkünsüz olduğunu, dövlət başçısı İlham Əliyevin bütün dünyada gedən prosesləri nəzərə alaraq ölkənin inkişafını təmin etdiyini söyləyib.

İnstitutun Cənubi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Səməd Bayramzadə “Müstəqil Azərbaycanın diplomatiyası və Şərq ölkələri ilə münasibətlər” mövzusunda məruzəsində Azərbaycanın müstəqillik dövründə xarici siyasətini 3 mərhələdə təhlil edilərək tarixi qələbəyə aparan yolu nəzərdən keçirib. Qeyd edilən mərhələlərdən birincisi müstəqilliyin ilk illərində Azərbaycanın dünya dövlətləri və əsas beynəlxalq təşkilatlarla əlaqələrinin qurulması dövrü, ikincisi 1993-2003-cü illərdə müstəqil xarici siyasətin baza prinsiplərinin formalaşdırılması və beynəlxalq əlaqələrin daha da genişlənməsi dövrü, üçüncüsü olan hazırkı mərhələ isə Azərbaycanı Cənubi Qafqazda lider dövlətə və beynəlxalq münasibətlərdə etibarlı tərəfdaşa çevirən xarici siyasət kursunun yüksəlişi dövrüdür. S.Bayramzadə Azərbaycanın xarici siyasətində Şərq istiqamətinin ölkəmizin diplomatik nailiyyətlərinin artmasında mühüm rola və yerə malik olduğunu bildirib.

Şərq-Qərb şöbəsinin müdiri, ilahiyyat üzrə fəlsəfə doktoru Məmmədəli Babaşlı Prezident İlham Əliyev və müasir çağırışlar baxımından azərbaycançılıq ideologiyasının inkişaf istiqamətləri” mövzusunda məruzəsində müasir azərbaycançılıq ideologiyasının inkişafında, onun Azərbaycan xalqının və dövlətçiliyinin vahid ideologiyası kimi yaşamasında və təbliğ edilməsində Prezident İlham Əliyevin müstəsna rolu olduğunu qeyd edib, bu ideya ilə özümüzü dünyaya tanıtdığımızı, onu mütərəqqi dünya dəyərlərini özündə birləşdirən ideologiya kimi təbliğ etdiyimizi bildirib.

Konfransda həmçinin institut əməkdaşlarından f.ü.f.d. Zenfira Şıxəlibəylinin “Müstəqil Azərbaycan və müasir beynəlxalq münasibətlər (Çin Xalq Respublikasının timsalında)”, t.ü.f.d. Namiq Məmmədovun “Prezident İlham Əliyev və Azərbaycanın iqtisadi inkişafı”, f.ü.f.d. Ceyhun Ağayevin “Dövlətçilik ənənəsinin formalaşması və milli-mənəvi dəyərlərimizin inkişafında Prezident İlham Əliyevin rolu” və s. məruzələr dinlənilib.

Məruzələr ətrafında aparılan müzakirələrdə AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun icraçı direktoru, fəl.ü.e.d. Eynulla Mədətli konfransda edilən məruzələri yüksək qiymətləndirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti