...

Bu il 13 min hektardan artıq ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib - MN

Cəmiyyət Materials 29 Dekabr 2021 16:58 (UTC +04:00)
Bu il 13 min hektardan artıq ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib - MN

Bakı. Samir Əli - Trend:

Azad olunan ərazilərdə minalardan təmizləmə işlərinin sürətləndirilməsi və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi istiqamətində aparılan işlər davam etdirilir.

Trend-in məlumatına görə, bunu Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətinin rəis müavini, polkovnik-leytenant Anar Eyvazov bu gün keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, Mühəndis Qoşunları tərəfindən azad olunan ərazilərimizdə nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə yollar minalardan və qar örtüyündən təmizlənir, həmçinin dağlıq və çətin keçilən ərazilərdə yerləşən bölmələrimizin döyüş mövqelərinə yeni təminat yolları çəkilir.

"Minatəmizlənmə işlərində əsas səylər yaşayış məntəqələri, əkin sahələri, yollar və infrastruktur obyektlərinə yönəldilib. 2021-ci il ərzində 13 min hektardan artıq ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib, 17 minədək mina və partlamamış döyüş sursatı aşkar edilərək zərərsizləşdirilib.

Cari il ərzində Kəlbəcər rayonu istiqamətində 220, Laçın rayonu istiqamətində 330, Zülfüqarlı yaşayış məntəqəsi istiqamətində isə 120 km-dən artıq, ümumilikdə 700 km yaxın yeni yol çəkilib və hazırda bu sahədə işlər davam etdirilir", - rəis müavini deyib.

Onun sözlərinə görə, tibbi təminat tədbirlərinin icrası zamanı əsas diqqət şəxsi heyətin sağlamlığının qorunması və möhkəmləndirilməsi, müalicə-təxliyə işi, tibbi reabilitasiya, həmçinin qoşunlarda profilaktiki tədbirlərin həyata keçirilməsinə yönəldilib. Vətən müharibəsi zamanı yaralanmış hərbi qulluqçulardan bir qismi ixtisaslı müayinə və müalicə məqsədilə xarici ölkələrə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti