Bakı. Trend:
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin professoru, Mətbuat Şurasının İdarə Heyətinin üzvü, respublikanın əməkdar jurnalisti Nəsir Əhmədli ilə vida mərasimi keçirilib. Tovuz rayonunun Alakol kəndində düzənlənmiş toplantıda Azərbaycan Mətbuat Şurasının, Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Şuradan Trend-ə bildirilib ki, mərasimi giriş sözü ilə MŞ-nin
Ahıl Jurnalistlər Məclisinin sədr müavini Tahir Aydınoğlu açaraq
Nəsir Əhmədlini gözəl ziyalı, dəyərli alim, mükəmməl pedaqoq,
jurnalist peşəsinə sadiq şəxsiyyət, ustad qələm sahibi kimi
xarakterizə edən məqamlardan söz açıb. O bildirib ki, professor
Əhmədlinin bütün şüurlu həyatı jurnalistikaya xidmət üzərində
qurulmuş bənzərsiz ömür yoludur. Bu xidmətə həm jurnalistikanın bir
elm sahəsi kimi inkişafı, həm praktik müstəvidə ona yeniliklərin
gətirilməsi, həm də müəllimlik sənəti var.
Nəsir Əhmədlinin jurnalistikanın Azərbaycan cəmiyyətinə
qazandırdığı ziyalı obrazı olduğunu vurğulayan T.Aydınoğlu onu da
bildirib ki, bu obraz peşənin problem və çətinliklərinin diqqətə
çatdırılmasında publisistikanın gücündən məharətlə yararlanmağı
bacarırdı. Hadisə və proseslərə prinsipial yanaşma tərzi ona təkcə
illərini verdiyi Bakı Dövlət Universitetində deyil, bütövlükdə
cəmiyyətdə hörmət və rəğbət qazandırmışdı.
BDU-nun jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu Nəsir
Əhmədlini tələbələrə daim diqqət və qayğı ilə yanaşan, siması ilə
səmimiyyəti, dostaclılığı aşılayan pedaqoq olaraq dəyərləndirib.
V.Zifəroğlu həmçinin bildirib ki, zəhmətsevərliyi ilə nümunəyə
çevrilmiş alim media məkanında dil mədəniyyətinin qorunması, ədəbi
dilinin norma və qanunlarına riayət edilməsi istiqamətində həm
dərin axtarış və müşahidələrə, həm də konkret elmiliyə söykənmiş
geniş diapazonlu yaradıcılığa malikdir. Bu yaradıcılıq isə gələcək
nəsillərə miras əvəzsiz isrdir.
Mərasimdə çıxış edənlərdən Estoniyanın Tartu Universitetinin professoru Xaqani Qayıblı, BDU-nun professoru Nazim İmamverdiyev, respublikanın yaradıcı ziyalıları adından Həmid Ormanlı, Mikayıl Bozalqanlı, Rafail İncəyurd, Mirsalam Məmmədli, Namiq Qədimoğlu, Çiçək Mahmudqızı, habelə kənd ictimaiyyətinin nümayəndələri adından Oqtay İsmayılov professor Əhmədlinin ömür yolunun spesifik tərəflərinə diqqət yetirərək bildiriblər ki, onun şüurlu fəaliyyəti jurnalistikanın gücünün ümumilli maraqların, cəmiyyətin mənafelərinin təminatı naminə səfərbər edilməsinin imkan və yollarını axtarmağa, mövcud sahədəki yenilikləri, müasir tendensiyaları vurğulamağa yönəlmişdi. Bu baxımdan ustad qələm sahibinin əməyi həm də maarifçilik missiyası daşıyırdı. Onlar N.Əhmədlini eyni zamanda səmimiyyət və bütövlük nümunəsi kimi canlandıran cəhətlərdən söz açaraq xatirələrini bölüşüblər. Mərasimdə alimin yoxluğunun nəinki jurnalistika, ümumən Azərbaycan cəmiyyəti, ziyalı mühiti üçün böyük itki olduğu vurğulanıb.
N.Əhmədlinin ailə üzvləri adından çıxış edən mərhumun qızı Sevinc Əhmədli və qardaşı oğlu İlham Əhmədli mərasim iştirakçılarına təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, BDU-nun jurnalistika fakültəsini professoru Nəsir Əhmədli dünən – iyunun 7-də dünyasını dəyişib. O, bu gün Tovuz rayonunun doğulub boya-başa çatdığı Alakol kəndində torpağa tapşırılıb.