Bakı. Trend:
Dövlət Turizm Agentliyinin tabeliyində olan “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunda, eləcə də qoruğun balansında olan "Diri Baba” türbəsində aparılan yenidənqurma və bərpa işlərindən sonra istifadəyə verilən turizm infrastrukturu obyektləri və xidmətləri ilə əlaqədar rüsumlar müəyyənləşdirilib.
Bu barədə Trend-ə Dövlət Turizm Agentliyindən bildiriblər.
Avqustun 22-dən etibarən "Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunda
yerləşən hamam muzeyə giriş yerli turistlər üçün 2, tələbələr üçün
1, xarici vətəndaşlar üçün 5 manat, "Diri Baba” türbəsi kompleksinə
giriş yerli ziyarətçilər üçün pulsuz, xarici vətəndaşlar üçün 5
manat olaraq müəyyənləşdirilib.
Bundan əlavə, "Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunda salınan
parkinqdə minik avtomobilləri üçün 1, avtobuslar üçün 2 manat
xidmət haqqı nəzərdə tutulub. “Diri Baba” türbəsi kompleksində
yerləşən qurbangahdan istifadə üçün isə 10 manat ödəniş
müəyyənləşdirilib.
Hər iki abidəyə Azərbaycan Respublikasının vətəndaşı olan
əlillərin, müharibə veteranlarının, qazilərin və məktəblilərin,
eləcə də 12 yaşınadək olan xarici turistlərin girişi
ödənişsizdir.
Qeyd edək ki, 22 avqust tarixindən etibarən "Basqal” Dövlət
Tarix-Mədəniyyət Qoruğunun iş saatları istirahət və bayram günləri
də daxil olmaqla hər gün səhər saat 10:00-dan 20:00-a qədərdir.
"Diri Baba” türbəsi abidəsi isə istirahət və bayram günləri daxil
olmaqla yay mövsümündə hər gün səhər saat 10:00-dan 20:00-dək, qış
mövsümündə isə 09:00-dan 18:00-dək ziyarət üçün açıq olacaq.