Bakı. Trend:
Bakı Apellyasiya Məhkəməsində Nizami rayonunda yerləşən “Mehnur” loqopedik reabilitasiya mərkəzində azyaşlılara işgəncə verilməsi faktı ilə bağlı istintaqa cəlb olunan mərkəzin direktoru Nuranə Hacızadə, psixoloq Aytac Kazımlı və direktor köməkçisi Səbinə Əliyarbəyli barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirindən zərərçəkmiş şəxs tərəfindən verilən şikayətə baxılıb.
Trend-in məlumatına görə, prosesdə qərar elan olunub.
Qərara əsasən, zərərçəkmiş şəxsin verdiyi şikayət təmin olunmayıb və Nizami rayon Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.
Xatırladaq ki, iş üzrə zərərçəkmiş kimi tanınan uşaqlardan birinin valideyni Elxan Muradov hər 3 şəxs barəsində ev dustaqlığı qətimkan tədbirinin ləğvini və onlar barəsində həbs qətimkan tədbirinin seçilməsini ilə bağlı apelyasiya şikayəti vermişdi.
Qeyd edək ki, sosial şəbəkələrdə Nizami rayonunda yerləşən
"Mehnur" loqopedik reabilitasiya mərkəzində azyaşlılara işgəncə
verilməsi ilə bağlı görüntülər yayılıb. Daxili İşlər Nazirliyi
tərəfindən müvafiq araşdırma aparılıb və mərkəzin direktoru Nuranə
Hacızadə, mərkəzin psixoloqu Aytac Kazımlı və mərkəzin direktor
köməkçisi vəzifəsində çalışan Səbinə Əliyarbəyli saxlanılıb.
Saxlanılan şəxslər barəsindən Cinayət Məcəlləsinin 133.2.1, 133.2.3
və 133.2.4-cü (əzab vermə) maddəsi ilə cinayət işi başlanılıb.
Nizami rayon Məhkəməsində hakim Nigar Qədirlinin sədrliyi ilə
istintaq orqanı tərəfindən təqdimatlara baxılıb. Hər 3 təqdimat
təmin edilib və təqsirləndirilən şəxslər barəsində 3 ay müddətinə
ev dustaqlığı qətimkan tədbiri və vəzifədən uzaqlaşdırma ilə bağlı
qərarlar qəbul edilib.