...

SABAH qruplarının xalçaçılıq ixtisasında təhsil alan tələbələrinin buraxılış işinin təqdimatı keçirilib (FOTO)

Cəmiyyət Materials 17 Noyabr 2022 13:16 (UTC +04:00)
SABAH qruplarının xalçaçılıq ixtisasında təhsil alan tələbələrinin buraxılış işinin təqdimatı keçirilib (FOTO)

Bakı. Trend:

Noyabr ayının 17-də “Azərxalça” ASC, ADRA (Azərbaycan Dövlət Rəssamlıq Akademiyası) və Elm və Təhsil Nazirliyi SABAH qrupları (Təhsil Nazirliyinin tabeliyindəki ali təhsil müəssələrində Savadlı, Bacarıqlı və Hazırlıqlı (SABAH) tələbələrdən ibarət qruplar zənciri) akademiya daxilində birgə buraxılış işi təqdimatı təşkil ediblər.

Təqdimatda SABAH qruplarının xalçaçılıq ixtisasında təhsil alan Səbinə Xaliq, Zəhra Məmmədova və Əliyeva Sevinc Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının buraxılış yaradıcılıq işini ixtisası üzrə müvəffəqiyyətlə başa vurduqları üçün sertifikatlarla təltif olundular.

Hər üç tələbənin onlara uğur gətirən xalçaları tədbir iştirakçılarına təqdim olundu. Səbinə Xaliq “Şuşa”, Zəhra Məmmədova “Xəmsə”, Əliyeva Sevinc isə “Eşq” xovlu xalçalarını təqdim etdi. Hər üç tələbənin elmi rəhbəri Azərbaycan Xalq Rəssamı Eldar Mikayılovdur.

Hər üç tələbənin elmi işlərinin eskizləri “Azərxalça”nın emalatxanalarında xüsusi diqqət və qayğı ilə toxunub.

Tədbirdə “Azərxalça” İdarə Heyəti sədri Emin Məmmədov və yaradıcı qrup, ADRA-nın müəllim və tələbə heyəti ilə yanaşı Elm və Təhsil Nazirliyi nümayəndələri də iştirak ediblər.

Tədbirdə söz alan akademik Ömər Eldarov, Emin Məmmədov və tələbələrin elmi rəhbəri Eldar Mikayılzadə onlara gələcək fəaliyyətlərində uğurlar arzulayaraq xoş təəssüratlarını bölüşüblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti