Bakı. Trend:
Türkiyədə baş vermiş zəlzələdən zərərçəkənlərə dəstək məqsədilə ölkəmizdə həyata keçirilən humanitar yardım kampaniyası davam edir.
Trend-in məlumatına görə, Sumqayıt şəhəri də bu kampaniyada fəal iştirak edir. Şəhərin müxtəlif ərazilərində yardımların toplanması üçün xüsusi məntəqələr yaradılıb. Hadisə baş verən ilk gündən Sumqayıtlılar yardım toplama məntəqəsinə axın edirlər, böyük fəallıq müşahidə edilir. Vətəndaşlar tərəfindən könüllü şəkildə gətirilən yataq dəstləri, isti geyimlər, uşaq bezləri, təmizlik ləvazimatları, konservləşdirilmiş qidalar, zəruri quru ərzaqlar, tibbi ləvazimatlar, eləcə də digər zəruri yardımlar təyin olunmuş məntəqələrdə çeşidlənib və qablaşdırılır.
Sumqayıt şəhəri tərəfindən insanların müvəqqəti yaşaması üçün 22 ədəd konteyner evlərin zəlzələdən zərər çəkmiş bölgələrə göndərilməsi nəzərdə tutulur.
Bu gün həmin konteyner evlərdən ilkin olaraq 4 ədədi, 230 min Azn dəyərində olan, 16 tona yaxın, humanitar yardım Sumqayıtdan birbaşa Türkiyəyə yola salınır. Sumqayıt şəhərində hazırda da humanitar yardım kompaniyası davam edir.
Qarşıdakı günlərdə Sumqayıt şəhərindən 500 min manata yaxın, ümumi çəkisi 75 ton olan 11 TIR humanitar yardımın göndərilməsi nəzərdə tutulur.
Xatırladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub.