...

UFAZ-a qəbul imtahanının nəticələri elan olunub

Cəmiyyət Materials 11 Avqust 2023 16:52 (UTC +04:00)
UFAZ-a qəbul imtahanının nəticələri elan olunub

Bakı. Trend:

Avqustun 4-də Azərbaycan-Fransız Universitetinə (UFAZ) 2023/2024-cü tədris ili üçün bakalavr pilləsi üzrə keçirilən qəbul imtahanının nəticələri açıqlanıb.

İmtahanda iştirak etmək üçün 421 nəfər abituriyent qeydiyyatdan keçib və onlardan 372 nəfər imtahanda iştirak edib. Yekun nəticələrə əsasən UFAZ-ın təklif etdiyi dövlət sifarişli 160 yerin hamısı dolub. Tələbə adını qazanmış abituriyentlərdən 60 nəfər kompüter elmləri, 35 nəfər kimya mühəndisliyi, 35 nəfər neft və qaz mühəndisliyi və 30 nəfər isə geofizika mühəndisliyi ixtisasına qəbul olub.

Strasburq universiteti tərəfindən təşkil edilən imtahanda Nəzrin Əliyeva UFAZ-ın ən yüksək bal toplayan abituriyent olmuşdur. O mümkün 100 baldan 67 bal toplayaraq, UFAZ-ın kompüter elmləri ixtisasını seçib.

Son illər gənc qızların mühəndislik ixtisaslarına yiyələnməsi üçün UFAZ-ın apardığı maarifləndirmə və dəstək kampaniyasının nəticəsi olaraq universitetə maraq göstərən qızların sayı artmaqdadır. Belə ki, yeni qəbul olmuş tələbələrin 44%-ni (70 nəfər) qızlar təşkil edir. Bu nisbət kimya mühəndisliyi ixtisası üzrə 62,86%, geofizika üzrə 53,33%, neft və qaz mühəndisliyi üzrə 37,14% və kompüter elmlərində isə 31,6% təşkil edir.

ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov, UFAZ-ın elmi eksperti, Strasburq Universitetinin professoru Pierre Collet və digər nümayəndələr imtahan prosesini müşahidə ediblər.

İmtahanda uğurlu nəticə əldə edən abituriyentlərin təsdiq olunmuş siyahısı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə təqdim olunub. Elm və Təhsil Nazirliyi isə öz növbəsində UFAZ-a qəbul olmuş gənclərin adlarını Dövlət İmtahan Mərkəzinə təqdim edəcək və onlar digər ali məktəblərə müsabiqədə iştirak etməyəcəklər.

Qeyd edək ki, UFAZ-ı bitirdikdə, tələbələr ADNSU ilə yanaşı, Fransanın Strasburq Universitetinin (neft və qaz mühəndisliyi ixtisası üzrə Renn 1 Universitetinin) diplomlarını alacaqlar. UFAZ-da bütün ixtisaslar üzrə tədris 4 ildir və qəbul bu ildən etibarən tam dövlət sifarişli əsaslarla aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti