Bakı. Trend:
COVID-19-un yeni EG.5 ştammı dünyada geniş yayılsa, Azərbaycanda da yoluxma halları baş verəcək.
Trend xəbər verir ki, bunu Naxçıvanda səfərdə olan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.
ÜST rəsmisi bir müddətdir COVID-19-a yoluxma saylarında nisbətən artım olduğunu deyib:
“İnsanlar təşvişə düşmədən özlərini qorumağa davam etmələridirlər. Azərbaycan da qlobal dünyanın bir hissəsidir. Ona görə də qlobal dünyada nə baş verirsə, Azərbaycana da təsir edəcək. Əgər EG.5 ştammı dünyada geniş yayılsa, Azərbaycana da gələcək”.
H.Harmancı onu da bildirib ki, pandemiya dövründə Azərbaycan səhiyyə sahəsini səfərbər edə bilib:
“Ölkə bununla vacib işlər görməyi bacardı. Yeni ştammlara qarşı görüləcək tədbirlər də əvvəlki kimidir. Məsələn, gigiyena qaydalarına düzgün riayət etmək. Özümüzü yaxşı hiss etmiriksə evdə qalmaq, maskadan istifadə etmək. Yeni EG.5 ştammının yoluxuculuq qabiliyyəti yüksəkdir, lakin bildiyimiz qədər ağır nəticələri olmur”.