...

“Qarabağ KOB-ları” proqramı çərçivəsində sahibkarlar öz məhsullarını təqdim edə biləcəklər - Orxan Məmmədov

Cəmiyyət Materials 25 Oktyabr 2023 11:47 (UTC +04:00)
“Qarabağ KOB-ları” proqramı çərçivəsində sahibkarlar öz məhsullarını təqdim edə biləcəklər - Orxan Məmmədov

Bakı. Trend:

"Qarabağ KOB-ları” Proqramının təqdimat tədbiri keçirilib.

Trend xəbər verir ki, Proqramın təqdimat tədbirində İdarə Heyəti sədri Orxan Məmmədov çıxış edib:

Qarabağ KOB-ları proqramının təqdimat mərasimində KOBİA adından bütün tədbir iştirakçılarını, dövlət orqanlarının təmsilçilərini, şəhid və qazi ailələrinin nümayəndələrini salamlayır və iştirak üçün hər kəsə təşəkkür edirəm;

Hörmətli tədbir iştirakçıları,

Proqramın Qarabağ KOB-ları adlandırılması ilk baxışdan elə təəssurat yarada bilər ki, bu layihə yalnız Qarabağda fəaliyyət göstərəcək KOB-ları əhatə edəcək. Lakin bizim Proqram təkcə Qarabağı deyil, növbəti mərhələləri ilə birlikdə bütün Azərbaycanı əhatə edəcək bir Proqram olması kimi nəzərdə tutulur. Bunun özəlliyi ondadır ki, bu Proqramın iştirakçıları Vətən müharibəsində bizə zəfər qazandıran, torpaqlarımızın işğaldan azad olunmasında iştirak etmiş vətən övladlarımız olacaqdır. Ona görə də tədbirimizin əvvəlində bu zəfər savaşında canını qurban verən şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə can sağlığı arzulayırıq.

Artıq 3 ildir ki, Azərbaycan dövlətinin hərbi əməliyyatlardan zərərçəkmiş insanlara, xüsusən də şəhid ailələrinə, qazilərə hərtərəfli qayğısını görürük. Bu, Azərbaycan dövlətinin sosial siyasətinin əsas istiqamətlərindən biridir. Vətən Müharibəsi zamanı qəhrəmanlıq göstərmiş şəxslərə və onların ailə üzvlərinə xüsusi diqqət, qayğı ilə yanaşılır. Onların sosial həyatının daha da yaxşılaşdırılması məqsədilə ölkə rəhbərliyi tərəfindən müxtəlif önəmli qərarlar qəbul edilir. Onlara yönəlik müxtəlif sosial dəstək proqramları həyata keçirilir.

Qarabağ KOB-ları proqramı isə bizim bu istiqamətdə icra etdiyimiz növbəti layihədir. Bu proqramı icra etməkdə bizim əsas məqsədimiz şəhid ailələri və müharibə iştirakçısı olmuş şəxslərin özləri, eləcə də ailə üzvlərinin maddi, sosial rifahının yaxşılaşdırılması, yaşadıqları yerlərdə iş yerlərinin artırılmasına dəstək olmaqdır.

Qeyd edək ki, Qarabağ KOB-ları proqramı Bakı şəhəri, Şamaxı, İsmayıllı, Şəki və onunla bərabər Zaqatala rayonlarını əhatə edir. Proqram çərçivəsində şəhid ailələri və müharibə iştirakçısı olmuş şəxslərin özləri, eləcə də ailə üzvləri arasından seçilmiş namizədlərə “Maliyyənin idarə olunması”, “Biznes planın hazırlanması” “Marketinq”, “Sosial Media Marketinq” , “İnsan resurslarının idarə olunması”, “Satış” mövzularında zəruri təlimlər keçiriləcək. Layihə iştirakçılarına sertifikatlar veriləcəkdir.

Eyni zamanda özünəməşğulluq proqramı çərçivəsində seçilən və artıq təlimlərdən keçmiş iştirakçılara öz bizneslərini qurmaları üçün zəruri avadanlıqlar təqdim ediləcək və onlara peşə təlimləri keçiriləcək. Layihənin nəticəsində 50 yeni sahibkarlıq subyekti yaradılmış olacaq.

Eyni zamanda bu proqram çərçivəsində yaradılacaq sahibkarların öz məhsul və xidmətlərini təqdim edə biləcəkləri platforma hazırlanır. Bu platforma vasitəsi ilə gələcəkdə layihəyə yeni qoşulacaq iştirakçılar da öz xidmət və məhsullarını təqdim edə biləcəklər.

Layihə KOBİA və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı, “Paşa Holdinq”in maliyyə dəstəyi hesabına həyata keçirilir.

Bu gün şəhid və qazi ailələrinin məşğulluğunun təmin edilməsinə, onların maddi rifahının yüksəldilməsinə daha intensiv xidmət etməyimiz bir zərurətdir. Bizim bu Proqrama uğurla start verdiyimiz kimi, onu uğurla da başa vuracağımıza inanıram. Vətən müharibəsindən sonra bu istiqamətdə fəaliyyətimiz daha da intensivləşmişdir. Çünki bizim bu istiqamətdə çox böyük təcrübəmiz formalaşmışdır. Belə ki, Vətən müharibəsindən əvvəlki dönəmdə də KOBİA tərəfindən sosial cəhətdən həssas qruplar arasında sahibkarlığın inkişafına dəstək göstərilməsi istiqamətində müxtəlif işlər görülüb.

Misal olaraq, KOBİA və Dövlət Məşğulluq Agentliyinin birgə layihəsi çərçivəsində Şəmkir, Qazax, Tovuz, Salyan rayonları üzrə Vətən müharibəsi veteranı və şəhid ailəsi üzvləri üçün kiçik heyvandarlıq təsərrüfatları yaradılıb. “Kəndlərdə heyvandarlıq sahəsində ailə biznesinin və özünüməşğulluğun inkişafı” adlı layihə sosial cəhətdən həssas qrupdan olan vətəndaşlar üçün kiçik təsərrüfatların yaradılmasına xidmət edir.

Layihəyə uyğun olaraq həmin şəxslərə simmental cins iribuynuzlu damazlıq heyvanlar, sağım aparatı, qaşov, yemqıran və xüsusi yemlər təqdim edilib. Verilmiş aktivlər hesabına onlar öz kiçik təsərrüfatlarını yaradıblar. Qarşıdakı dönəmdə layihə iştirakçılarına sahibkarlıq fəaliyyətinin inkişafı üçün mentor dəstəyi və satış bazarlarına çıxış imkanlarının genişləndirilməsi üçün köməklik də göstəriləcək.

Eyni zamanda Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Dövlət Məşğulluq Agentliyinin birgə dəstəyi ilə həyata keçirilən “Səyyar kofe evləri” layihəsi çərçivəsində Bakı şəhəri və Abşeron rayonu üzrə çalışmaq istəyən, 35 yaşadək 20 nəfər işsiz şəxsə səyyar kofe satışı istiqaməti üzrə kiçik bizneslərini qurmaları üçün lazımi avadanlıqlar verilib. Bu zaman layihə iştirakçılarını seçərkən məhz şəhid ailələrinin üzvlərinə və qazilərimizə üstünlük verilmişdir. Onlar özünüməşğulluq proqramına dəstək məqsədi daşıyan layihə çərçivəsində kofe treyleri, qəhvə maşını və qəhvə üyütmə maşını ilə təmin olunublar.

Bunlarla yanaşı, KOBİA Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin və qazilərimizin işlə təmin edilməsinə dəstək məqsədilə başladılmış “Məşğulluq marafonu”na qoşulub, sahibkarlıq subyektlərinin də bu xeyirxah təşəbbüsdə iştirak etməsi üçün çağırış edib. Bu marafon çərçivəsində KOBİA-nın çağırışına qoşulan 200-ə yaxın sahibkarlıq subyekti tərəfindən 345 vakant iş yeri çıxarılıb və nəticədə 38 sahibkarlıq subyekti tərəfindən 73 nəfər işlə təmin edilib.

Eyni zamanda üç Vətən müharibəsi iştirakçısı Kiçik və Orta Biznesin İnkişafı Agentliyində işlə təmin olunub.

Biz həyata keçirdiyimiz digər xarakterli layihələrdə belə sosial cəhətdən həssas insanları və böyük vətən müharibəsi zamanı zərər çəkmiş ərazilərimizi də xüsusi diqqət mərkəzində saxlayırıq. Məşğulluğun təmin edilməsi məqsədilə Dövlət Məşğulluq Agentiliyi və Peşə Təhsili Agentliyi ilə birlikdə Gənclərin Biznes Emalatxanası layihəsi ikin olaraq 3 rayonda həyata keçirilmişdir ki, onlardan da biri məhz Ağdam rayonundadır. Hələ də davam etməkdə olan layihə çərçivəsində Ağdam rayonundan olan 73 gənc bu layihə çərçivəsində KOBİA-nın keçirdiyi təlimlərdən yararlanıbvə növbəti mərhələdə qiymətləndirmə əsasında məşğulluğun təmin edilməsi proqramında iştirak etmiş olacaqlar.

KOBİA bu gün olduğu kimi qarşıdakı dönəmdə də şəhid və qazi ailələrindən olan şəxslərin məhsullarının sərgi, yarmarka və festivallarda ödənişsiz iştirakını təmin etməklə, onların məhsullarının tanıdılmasına və satışına, işgüzar əlaqələr qurmasına dəstək göstərməyə hazırdır.

Təqdimatını etdiyimiz “Qarabağ KOB-ları” Proqramının da şəhid və qazi ailələrindən olan insanların iqtisadi fəallığının artırılmasına öz tövhəsini verəcəyinə inanıram. Eyni zamanda gələcək fəaliyətimizdə də şəhid və qazi ailələrinin iqtisadi inkişafına dəstək üçün əlimizdən gələni edəcəyimizə, onları cəmiyətimizin ən qürurlu üzvləri kimi daim dəstəkləyəcəyimizi bildiririk.

Bir daha Proqramın fəaliyyətə başlaması münasibəti ilə Sizi təbrik edir və fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram.

Diqqətinizə görə təşəkkür!

Xəbər lenti

Xəbər lenti