Ağdam. Trend:
Bu gün dünyada 60-dan çox ölkə mina və partlamamış sursatlardan əziyyət çəkir. Təəssüf ki, bu siyahıda Azərbaycan ön sıralardadır.
Trend-in Qarabağ bürosu xəbər verir ki, bu fikriləri Ağdam şəhərində keçrilən Beynəlxalq forumda, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva jurnalistlər açıqlamasında deyib.
Bildirib ki, tədbirin keçirilməsi üçün Ağdam şəhərinin seçilməsi təsadüfi deyil, çünkü Ağdam minalanmış bölgələrin ən çox olduğu işğaldan azad edilmiş torpaqlarımızdan biridir.
"Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün sağlam ətraf mühit və minasız həyat adlı keçrilən beynəlxalq forumun əsas məqsədi BMT-nin 18-ci inkişaf məqsədi kimi Azərbaycan tərəfindən təşəbbüs irəli sürülmüş bu məqsədə ictimai dəstək göstərməkdir. Mina probleminə diqqəti çəkmək dövlət orqanları ilə bərabər vətəndaş cəmiyyəti təsisatlarının və beynəlxalq ictimaiyyətində bu məsələyə diqqəti cəlb etməkdir. Bu proqram çərçivəsində artıq iki gündür tədbirlər davam edir. İlk tədbir Bakı forumu ilə başladı. Aidiyyəti dövlət orqanlarının çıxışları və Azərbaycanda fəaliyyət göstərən Qeyri-hökumət təşkilatlarına ANAMA tərəfindən təlimlər keçrildi. Bu gün isə Ağdamda 7 ölkədən 15 ekspertin iştirakı ilə ictimai müzakirələr davam edir. Tədbirin sonunda xarici ekspertlərin iştirakı ilə bəyanatın qəbulu gözlənilir. Əminəm ki, bu tədbirlər Azərbaycandakı mina probleminə beynəlxalq ictimaiyyəti, vətəndaş cəmiyyətini cəlb etməyə kömək edəcək".
Qeyd edək ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı və ANAMA-nın tərəfdaşlığı ilə “Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün sağlam ətraf mühit və minasız həyat” adlı beynəlxalq forum başlayıb.
Forumda müxtəlif ölkələrin 15 beynəlxalq eksperti və yerli QHT nümayəndələri iştirak edir.