...

“Azərxalça” ASC Avropada Azərbaycan xalçalarının təbliğatını davam etdirir (FOTO)

Cəmiyyət Materials 20 Dekabr 2023 13:36 (UTC +04:00)
“Azərxalça” ASC Avropada Azərbaycan xalçalarının təbliğatını davam etdirir (FOTO)

Bakı. Trend:

19 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikasının İspaniya Krallığındakı Səfirliyi və “Azərxalça” ASC-nin birgə təşkilatçılığı, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) dəstəyi ilə İspaniya Kral Xalça Fabrikinin sərgi salonunda Azərbaycan xalçalarının sərgisi təşkil edilib.

Tədbir mədəniyyət, təhsil və elm sahələrində ikitərəfli əməkdaşlığı ehtiva edən Azərbaycan və İspaniya arasında imzalanmış sazişə müvafiq olaraq, Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində keçirilib.

“Sehirli xalçalar” sərgisinin açılışı ilə bağlı təşkil olunmuş xüsusi tədbirdə İspaniya dövlət qurumlarının rəsmiləri, parlamentin üzvləri, Madriddəki diplomatik korpusun nümayəndələri, səfirlər, KİV nümayəndələri, elm və akademik dairələrin təmsilçiləri, incəsənət və mədəniyyət xadimləri, habelə İspaniyada yaşayan Azərbaycan, türk və digər icmaların üzvləri iştirak edib.

Tədbiri açıq elan edən ölkəmizin İspaniyadakı fövqəladə və səlahiyyətli səfiri Ramiz Həsənov Azərbaycanda xalçaçılıq sənətinin qədim tarixə malik olduğunu, usta xalçaçıların bu sənətin incəliklərini gənc nəsilə uğurla ötürdüyünü, ölkə rəhbərliyinin bu sənətin inkişafına mühüm əhəmiyyət verdiyini və “Azərxalça” ASC-nin xalçalarımızın təbliğatında gördüyü işləri xüsusi qeyd edib. Səfir həmçinin, “Azərxalça” ASC və İspaniya Kral Xalça Fabriki arasında əməkdaşlığı təşviq edən sazişin imzalanmasını Azərbaycan və İspaniyanın xalçaçılıq üzrə ixtisaslaşmış müvafiq qurumlarının gələcəkdə birgə fəaliyyətlərinin inkişafı üçün məxsusi əhəmiyyət daşıdığını bildirib.

"Azərxalça" ASC-nin İdarə Heyətinin sədri, əməkdar incəsənət xadimi Emin Məmmədov isə çıxışı zamanı tədbir iştirakçılarını qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibəti ilə təbrik edərək təşkilatın tarixindən söz açıb. Sədr “Azərxalça” ASC-nin əsas məqsədinin xalçaçılıq ənənəsinin qorunub saxlanması və bu sənətin daha da inkişaf etdirilməsindən ibarət olduğunu söyləyib. O, Azərbaycan xalq-tətbiqi sənəti və onun bir qolu olan xalçaçılığın xalqımızın milli mədəniyyəti tarixində özünəməxsus yer tutduğunu vurğulayıb. E.Məmmədov sərgidə nümayiş olunan, Qarabağ, Qazax, Naxçıvan, Şirvan xalçaçılıq məktəblərinə aid olan xalçalardan bəhs edib.

Daha sonra çıxış edən İspaniya Kral Xalça Fabrikinin Baş direktoru Alexandro Kleker qədim tarixə malik Azərbaycan xalçalarının dünyada özünəməxsus ornament, kompozisiya və rəng çalarları ilə tanındığını və təmsil etdiyi qurumun “Azərxalça” ASC və Səfirliklə birlikdə bu tədbirin təşkilindən məmnunluq duyduğunu bildirib. O, həmçinin “Azərxalça” ASC və İspaniya Kral Xalça Fabriki arasında praktiki əməkdaşlığa dair günün birinci yarısında imzalanmış sazişin tarixi əhəmiyyət daşıdığını və sözügedən sənədin tərəflər arasında nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, həmçinin Azərbaycanda və İspaniyada birgə sərgilərin təşkili, qarşılıqlı məlumat və təcrübə mübadiləsinin aparılmasına böyük töhfələr verəcəyinə əmin olduğunu vurğulayıb.

Sərgi iştirakçıları daha sonra ləziz Azərbaycan təamları, yerli şərab nümunələrinin dadına baxıb, əməkdar artist, tarzən Şəhriyar İmanov və ansamblının əvəzsiz ifalarından mənəvi zövq alıb.

Sərgi ziyarətçiləri üçün əsl Azərbaycan xalçasının toxunma prosesi nümayiş olunub, ustad dərsləri verilib. Sərgi iştirakçılarına xalçada öz ilmələrini atmaq imkanı yaradılıb. Azərbaycan xalçasının toxunma prosesində iştirak edən hər kəsə “Azərxalça” ASC-nin xüsusi sertifikatı da təqdim olunub.

Eyni zamanda, uşaqlar üçün nəfis tərtibatda və ingilis, ispan dillərində hazırlanmış Azərbaycanda xalçaçılıq sənətinə aid kitablar və bröşürlər paylanılıb, xalçaçılıq sənəti və ölkəmizin tanınmış xalça toxucularından bəhs edən film nümayiş olunub.

İspaniya Kral Xalça Fabrikinin əsas qalereyasında nümayiş olunacaq sərginin qapıları 2024-cü ilin 19 yanvar tarixinədək avropalı xalça sevərlər üçün açıq olacaq. Sərgi ziyarətçilərinə həmçinin Azərbaycan xalçaçılıq sənəti və məktəbləri barədə məlumat veriləcəkdir.

Xatırladaq ki, sərgidən öncə “Azərxalça” ASC və İspaniya Kral Xalça Fabriki arasında əməkdaşlığı təşviq edən, Azərbaycan və İspaniyanın xalçaçılıq üzrə ixtisaslaşmış müvafiq qurumlarının gələcəkdə birgə fəaliyyətlərinin inkişafı üçün məxsusi əhəmiyyət daşıyacaq saziş də imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti