...

Latviyada Xocalı qurbanlarının xatirəsinə həsr edilmiş anım konserti keçirilib (FOTO)

Cəmiyyət Materials 27 Fevral 2024 20:31 (UTC +04:00)
Latviyada Xocalı qurbanlarının xatirəsinə həsr edilmiş anım konserti keçirilib (FOTO)

Bakı. Trend:

26 fevral 2024-cü il tarixində Azərbaycanın Latviyadakı Səfirliyinin təşkilatçılığı ilə Latviya Musiqi Akademiyasında Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar anım konserti keçirilib.

Səfirlikdən Trend-ə bildirilib ki, tədbirin əvvəlində Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov çıxış edərək Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş Xocalı soyqırımının bu il 32-ci ildönümünün qeyd olunduğunu və bu faciənin günahsız qurbanlarının xatirəsini dərin hüznlə yad edildiyini diqqətə çatdırıb.

O, Xocalı soyqırımı ilə bağlı ətraflı məlumat verərək, keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə Ermənistanın silahlı qüvvələri tərəfindən Xocalının dinc əhalisinə qarşı bu qanlı cinayətin xüsusi qəddarlıqla törədildiyini qeyd edib.

Səfir törədilmiş soyqırımının beynəlxalq təsisatlar və media qurumları tərəfindən işıqlandırıldığını və Ermənistanın Azərbaycana hərbi təcavüzü zamanı törədilmiş Xocalı soyqırımı və digər cinayətlərə görə məsuliyyət daşıyan şəxsləri ədalət məhkəməsi qarşısına çıxarılması üçün ölkəmiz tərəfindən davamlı tədbirlərin görüldüyünü vurğulayıb.

Elnur Sultanov 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası barədə ətraflı məlumat verərək, Xocalı faciəsi ilə bağlı dünya ictimaiyyətinin məlumatlandırılmasında kampaniyanın mühüm rol oynadığını qeyd edib.

Səfir ötən il antiterror tədbirləri nəticəsində ölkəmizin bütün ərazisində, o cümlədən Xocalıda suverenliyin tam bərpa edildiyini vurğulayıb. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü ilin oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdığını və 2024-cü ilin fevralın 26-da ölkə başçısının Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının təməlini qoyduğunu bildirib. Elnur Sultanov Xocalı soyqırımının Azərbaycan xalqının yaddaşında daim qalacağını qeyd edib.

Daha sonra Latviya Milli Simfonik Orkestrinin üzvləri və Latviya Musiqi Akademiyasında çalışan musiqiçilər Azərbaycan, Latviya və digər ölkələrin tanınmış bəstəkarlarının klassik musiqi parçalarını ifa ediblər.

Tədbirdə Latviya dövlət qurumlarının rəsmiləri, ölkədə akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri, akademik və ictimai dairələrin nümayəndələri, Latviyada yaşayan Azərbaycan icmasının üzvləri, eləcə də Latviyada təhsil alan tələbələr iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti