Bakı. Trend:
TƏBİB-in tabeli tibb müəssisələrinin idarəedilməsinin təkmilləşdirilməsi, kadr potesialının gücləndirilməsi prosesi davam etdirilir.
Qurumdan Trend-ə verilən xəbərə görə, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə bəzi tibb müəssisələrinə yeni direktorlar təyin olunub.
Belə ki, Ağstafa, Salyan, Qobustan və Şamaxı rayon mərkəzi xəstəxanalarına təyinatlar həyata keçirilib. Yeni direktorlar kollektivə təqdim olunub, vəzifələrinin icrasına başlayıblar.
Ağstafa Rayon Mərkəzi Xəstəxanasına Səyyad Yusifov direktor
vəzifəsinə təyinat alıb. Səyyad Yusifov ixtisasca
həkim-infeksionistdir. Səyyad Yusifov 1996-2001-ci illərdə
Azərbaycan Tibb Universitetinin Tibbi-profilaktika və
tibbi-biologiya fakültəsində təhsil alıb. 2007-2008-ci illərdə
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə
İnstitutunda yoluxucu xəstəliklər üzrə təhsilini davam etdirib.
2006-cı ildən indiyədək Tovuz Rayon Mərkəzi Xəstəxanasında müxtəlif
vəzifələrdə çalışıb.
O, bu təyinatadək Tovuz Rayon Mərkəzi Xəstəxanasının direktorunun
ilkin səhiyyə xidmətləri üzrə müavini vəzifəsini icra edib.
Salyan Rayon Mərkəzi Xəstəxanasına Şirin Səmədova direktor təyin
olunub. Ş.Səmədova 1992-1998-ci illərdə Azərbaycan Tibb
Universitetinin Pediatriya fakültəsində təhsil alıb. 1998-1999-cu
illərdə Salyan Rayon Mərkəzi Xəstəxanasında internatura təhsili
alıb. 1999-2006-cı illərdə Salyan Rayon Mərkəzi Xəstəxanasının
nəzdində olan Arbatan kənd həkim məntəqəsində həkim-pediatr,
2006-2008-ci illərdə rayon mərkəzi xəstəxanasının Yoluxucu
xəstəliklər şöbəsində həkim-pediatr, infeksionist vəzifəsində
çalışıb. 2008-2012-ci illər ərzində Şirvan Şəhər Mərkəzi
Xəstəxanasının nəzdində olan Uşaq poliklinikasının şöbə müdiri,
həkim-pediatr, 2012-2021-ci illər ərzində Birləşmiş Uşaq
Xəstəxanasının baş həkimi vəzifələrində fəaliyyət göstərib.
2021-2023-cü illər ərzində TƏBİB-in Koordinasiya departamentinin
Cənub ərazi bölgəsi üzrə koordinatoru, 2023-cü ildən indiki
təyinatınadək isə Daxili nəzarət və monitorinq departamentinin
Monitorinq şöbəsinin böyük məsləhətçisi vəzifəsində çalışıb.
Şamaxı Rayon Mərkəzi Xəstəxanasına direktor təyin olunan İmran
Qurbanov 1985-1991-ci illərdə Azərbaycan Dövlət Tibb
Universitetində Müalicə işi fakültəsini bitirib, ixtisasca
cərrahdır. O, 1992-1993-cü illərdə “N” saylı hərbi hissənin tibb
bölüyünün baş ordinatoru, 1993-1994-cü illərdə “N” saylı hərbi
hissənin tibb bölüyünün komandiri və baş cərrahı, 1994-1997-ci
illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Qərargah
Poliklinikasının Cərrahiyyə şöbəsinin müdiri vəzifələrində
çalışıb.
O, 1997-2021-ci illər ərzində Akademik M.Ə.Mirqasımov adına
Respublika Klinik Xəstəxanasında şöbə müdiri, baş həkimin
cərrahiyyə işləri üzrə müavini kimi fəaliyyət göstərib.
2021-2023-cü illərdə TƏBİB-in Tibbi xidmətlərin təşkili
departamentinin Tibbi koordinasiya şöbəsinin baş məsləhətçisi
vəzifəsində çalışıb.
İmran Qurbanov bu təyinatadək Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsində çalışıb. Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktor vəzifəsinə isə Günay Muradova təyinat alıb. Günay Muradova 1998-2004-cü illərdə Azərbaycan Beynəlxalq Universitetində, 2004-2005-ci illərdə Azərbaycan Tibb Universitetində pediatr ixtisasına yiyələnib. 2023-cü ildən Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Menecment ixtisasında təhsil alır. 2004-2005-ci illərdə Respublika Klinik Uşaq Xəstəxanasında həkim-pediatr kimi işləyib. 2007-2020-ci illərdə 4 saylı Birləşmiş Uşaq Xəstəxanasında, 2015-2019-cu illərdə müxtəlif özəl tibb müəssisələrində həkim-pediatr işləyib. 2020-ci ildən bu təyinatadək TƏBİB-in Tibbi sığorta departamentinin Tibbi göndərişlər şöbəsinin baş məsləhətçi vəzifəsində çalışıb.