...

“GSMA M360 Eurasia 2024” konfransının açılış mərasimi keçirilir (FOTO) (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 15 May 2024 12:23 (UTC +04:00)
“GSMA M360 Eurasia 2024” konfransının açılış mərasimi keçirilir (FOTO) (ƏLAVƏ OLUNUB)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

“GSMA M360 Eurasia 2024” konfransının açılış mərasimi keçirilir.

Trend xəbər verir ki, Bakıda ikinci dəfə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi və “Azercell Telekom” MMC-nin baş sponsorluğu ilə keçirilir.

Bu tədbir çərçivəsində 2 gün ərzində maraqlı məruzələrin və panel iclaslarının yer alması gözlənilir.

Tədbir çərçivəsində rəqəmsal dövrün ən aktual tendensiyaları ətrafında fikir mübadiləsi aparılır.

Tədbirdə çıxış edən GSMA şirkətinin normativ-hüquqi tənzimləmə üzrə direktoru Con Custi bildirib ki, Azərbaycan texnologiya sahəsində regional liderə çevrilib.

"Bakıda cəmi 30 il bundan əvvəl ilk internet bağlantısı quraşdırıldı. Həmin vaxtdan etibarən ölkə texnologiya, innovasiya və sahibkarlıq sahəsində regional liderə çevrilib", - deyə o bildirib.

Onun sözlərinə görə, bu gün Yer kürəsi əhalisinin 95 faizi (yaxud 5,6 milyard nəfər) mobil şəbəkə ilə əhatə olunub.

O, həmçinin, qeyd edib ki, bütün dünyada süni intellekt və digər yeni texnologiyalar artıq cəmiyyətə dərin təsir göstərməklə müəssisələrin məhsuldarlığını artırmağa imkan verir və hökumətlərin daha ciddi problemlərdən bəzilərini həll etməsinə kömək edir.

Bundan başqa, Custi rəqəmsal sektorun iqlim dəyişmələri ilə mübarizədə birləşməyə çalışmalı olduğunu qeyd edib.

"Bu gün dünya sənayesinin təqribən üçdə ikisi karbon qazı tullantılarının azaldılması üzrə qətiyyətli addımlar ataraq qısamüddətli iqlim islahatlarının keçirilməsi ilə bağlı öhdəlik götürüb", - o deyib.

O, həmçinin, bu ilin noyabr ayında Bakıda keçiriləcək COP29 konfransı ilə əlaqədar olaraq, GSMA-nın Azercell-lə əməkdaşlığına şad olduğunu əlavə edib.

Huawei Yaxın Şərq və Mərkəzi Asiya Regionu Carrier Business Group-un prezidenti Aleks Xu isə qeyd edib ki, rəqəmsal iqtisadiyyatı inkişaf etdirməyin yolu süni intellekt kimi texnologiyalardan istifadə etməkdir.

“Cəmi 5 il ərzində 5G istifadəçilərinin sayı 1,5 milyardı keçib. Bu da əvvəlki 4G-nin yayılma sürətindən daha çoxdur. Süni intellekt bulud texnologiyalarının inkişafına əhəmiyyətli töhfə verir. 5G hazırda genişləndirilir və qarşıdakı illərdə daha geniş sahələri əhatə edərək keyfiyyəti artacaq. Bulud texnologiyasına gəldikdə, buna keçidi mümkün qədər sürətlə etmək lazımdır.

Bizim strategiyalarımız texnologiya sahəsinə investisiyanı artırmaqla əlaqələridir. 5G-nin gələcəyi investisiyadan asılıdır. 2025-ci ilə qədər müəssisələrin 86 faizinin süni intellektə keçəcəyi təxmin edilir. Bir çox məsələlərdə süni intellektin istifadəsi olduqca vacibdir. 2030-cü ilin rəqəmsal dövr olduğunu düşünürük və gələcəyi texnologiya ilə quracağıq”,- deyə o bildirib.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov isə bildirib ki, Azərbaycan rəqəmsallaşmaya çox böyük önəm verir.

“Bu səbəbdən rəqəmsal inkişaf strategiyası hazırlanıb. Hər bir ailədə internetə əlçatanlığın mümkünlüyü üçün çalışırıq. 2024-cü ildə interneti bütün bölgələrə, xüsusən də ucqar bölgələrə çatdırmağa çalışacağıq.

Mobil əlaqəliliyə gəldikdə isə “Azercell” çox gözəl şəbəkə performansı göstərir. 300-dən çox baza qurmaqla öz internet keyfiyyətlərini artırıb.

Digər bir layihəmiz isə dövlət qurumlarının bulud əsaslı sistemlərinə keçididir. 100-dən çox dövlət qurumu məlumatları bu sistemdə yerləşdirib. Kibertəhlükəsizlik sahəsində mərkəz qurulub və növbəti illərdə 1000 nəfər kibertəhlükəsizlik sahəsində təhsil alacaq”, - deyə S.Məmmədov bildirib.

GSMA Baş marketinq direktoru Lara Devar qeyd edib ki, rəqəmsal inqilab fürsətləri genişləndirir.

“Yaxın zamanlarda işlərin 90 faizində İKT savadı lazım olacaq. Hər kəsin internetə çıxışını təmin etməklə yanaşı, bununla əlaqəli bacarıqlara da yiyələnmələrinə görə çalışmalıyıq. Texnologiyanın sürətlə inkişaf etdiyi dövrdə bu gün öyrətdiyimiz bacarıqlar sabah gərəksiz ola bilər. Biz bu prosesi davamlı yürütməliyik.

Şəbəkələr vasitəsilə dünya əhalisinin 95 faizi arasında əlaqə yarada bildik. Şəbəkələrə investisiya qoymağa davam etməliyik. Əməkdaşlıq olmasaydı, biz uğur qazana bilməzdik. Avrasiyada 79 milyon insanın hələ də internetə çıxışı yoxdur. Bu insanların internetin faydalarından istifadə etməsinə şərait yaratmalıyıq. Sektorlararası əməkdaşlıq sahəsində buna nail ola bilərik”,- deyə o bildirib.

“VOX Solutions”un aparat rəhbəri Teodor Magureanu isə öz növbəsində vurğulayıb ki, süni intellekt əsaslı həllərdən istifadə edərək, gəlirləri artırıb, xərcləri azaltmaq mümkündür.

“Biz bunu təcrübə etdik. Müştəri gəlirlərimizi bir il ərzində 50 faizdən çox artırdıq. Bununla yanaşı, müştəri məmnuniyyəti də artdı. Süni intellektin istifadəsi mümkündür və bununla bir çox həll yolu tapmaq mümkündür. Uğur səbəblərimizdən biri süni intellekti anlamaq və ondan doğru istifadə etmək bacarığımızıdır.

Ümid edirik ki, süni intellektdən istifadəni artan xətlə davam etdirərik”,- deyə o bildirib.

Peşə təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov isə qeyd edib ki, orta məktəblərdə rəqəmsal bacarıqlarla bağlı layihə həyata keçirilib.

"Hər kəs süni intellek haqqında danışır, amma biz gələcək illərdəki ixtisaslarda konkret hansı tələblər olacaq deyə bilmərik.

Biz çalışmalıyıq ki, davamlı işçi qüvvəmiz olsun. Yaxın illərdə orta məktəblərdə rəqəmsal bacarıqlarla bağlı layihə həyata keçirdik. Peşə məktəblərində təhsil alan 30 min tələbədən 5 mini İKT üzrə təhsil alır. Biz bunu əsas ixtisaslardan biri hesab edirik.

Təcrübə 2-3 illik təhsil bir çox sahələrdə faydasız olur. Hələ ki, iki məktəbdə yeni layihə sınayırıq. Hansı ki, tələbə 3 gün dərsdə, 2 gün iş yerində olur. İKT elə bir sahədir ki, biz buraya rahatlıqla vəsait ayırırıq. İKT təhsili olmayanlar əmək bazarında özlərinə iş tapa bilməyəcəklər”,- deyə o qeyd edib.

Qeyd edək ki, bu il “GSMA M360 Eurasia 2024” konfransına Microsoft, Google, Amazon Web Services, World Bank, e& International, Beeline, Vodafone Group, Turkcell, East Telecom və digər beynəlxalq şirkətlərin rəhbər heyətindən məruzəçilər qatılıblar.

Xəbər lenti

Xəbər lenti