Bakı.Trend:
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən sərnişinlərin mənzil başına daha tez və rahat çata bilməsi üçün ümumi şəhər zolaqları şəbəkəsi çərçivəsində Zərifə Əliyeva küçəsində avtobus zolağının təşkil edilməsi planlaşdırılır. Layihə ilə bağlı 9 oktyabr tarixində nəqliyyat ekspertləri Ərşad Hüseynov, Rauf Ağamirzəyev, Eldəniz Cəfərov, Sosial Tədqiqatlar Mərkəzinin nümayəndəsi Əziz Əlibəyli, bloger Saleh Nəsirov və media nümayəndələrinin iştirakı ilə ictimai dinləmə təşkil edilib.
Trend xəbər verir ki, tədbirdə çıxış edən AYNA-nın İdarə Heyətinin sədri Anar Rzayev bildirilib ki, AYNA-nın mütəxəssisləri tərəfindən Zərifə Əliyeva küçəsində vəziyyət ətraflı araşdırılıb, uzun müddət hərəkətin intensivliyi monitorinq edilib. Toplanan datalar əsasında avtobus zolağının ictimai nəqliyyata əlçatanlığı ciddi artıracağı, daha yüksək orta sürət göstəricilərinin olacağı müəyyənləşib.
Qeyd edilib ki, hazırda Zərifə Əliyeva küçəsində nəqliyyat vasitələri üçün 4 hərəkət zolağı mövcuddur. Təklif olunan dəyişikliklərə əsasən hərəkət zolaqları xüsusi avadanlıq vasitəsilə silinərək yenidən təşkil ediləcək. Zolaqların sayı saxlanılmaqla eni standartlara uyğunlaşdırılacaq. Əlavə olaraq avtobus zolağı təşkil edilməsi də nəzərdə tutulur.
İctimai dinləmədə ekspertlərin və media nümayəndələrinin sözügen layihə və AYNA-nın gördüyü işlərlə bağlı sualları cavablandırılıb, onların rəy və təklifləri qeydə alınıb.
Səsləndirilmiş rəy və təklifləri dinləyən Anar Rzayev bildirib ki, Azərbaycanın gələcək mobilliyi sürətli, təhlükəsiz və ekoloji təmiz məqsədlər üzərinə qurulub:
“Bizim atdığımız bütün addımlar şəhər mərkəzində fərdi nəqliyyatın azaldılması və ictimai nəqliyyata üstünlüyün verilməsi istiqamətində yönəldilib.
Müşahidələr göstərir ki, son dövrlərdə əhali arasında velosipeddən və skuterlərdən istifadə edənlərin sayı artıb. Bu nəqliyyat növünün geniş istifadəsi mikromobillik, şəhər mühitinin inkişafı, tıxac və sıxlıqların azaldılması, ətraf mühitin qorunması, fiziki fəallığın artırılması və sağlam həyat baxımından çox əhəmiyyətlidir.
AYNA tərəfindən Bakının bir sıra küçə və prospektində mobillik imkanlarının yaxşılaşdırılması, avtomobillərin, o cümlədən ictimai nəqliyyatın hərəkət sxemlərinin optimallaşdırılması və yenidən təşkili istiqamətində genişmiqyaslı işlər davam etdirilir, burada Qərb ölkələrinin təcrübəsindən də istifadə olunur. Hazırda yol hərəkətinin təşkilində innovativ yanaşma tətbiq olunur. Artıq AYNA tərəfindən Bakı şəhərində mikromobillik infrastrukturunun inkişaf etdirilməsi məqsədilə 20 km məsafəni əhatə edən mikromobillik zolağı təşkil edilib. Təbii ki, mikromobilliklə bağlı işlərimizi davam etdirəcəyik və mütəmadi olaraq bu barədə məlumatları ictimaiyyətə açıqlayacağıq.
Həmçinin AYNA üçün piyadaların rahat və təhlükəsiz hərəkəti də prioritet hesab olunur. Bir müddət əvvəl Xaqani bağı ətrafında yerləşən küçələr bağa birləşdirildikdən sonra yeni görkəmdə piyadaların ixtiyarına verildi. Hazırda "28 May" metrostansiyasının qarşısında yerləşən ərazidə yenidənqurma işləri tamamlanmaq üzrədir. Bu istiqamətdə tədbirlərin davam etdirilməsi planlaşdırılır. Məqsəd Bakı şəhərində mobilliyin inkişafı, tıxacların azaldılması, küçələrimizi daha təhlükəsiz, əlçatan və həyat dolu etməklə vətəndaş məmnunluğunun artırılmasıdır”.
Taksi duracaqları ilə bağlı jurnalistlərin suallarını cavablandıran Anar Rzayev bilirib ki, Bakının bir sıra küçə və prospektlərində 130-dan artıq taksi duracağı mövcuddur, amma onların əksəriyyəti cəlbetmə məntəqələrində təşkil edilmədiyindən bəzən hətta nəqliyyatın hərəkətinə maneə yaradır: “Buna görə də hazırda məsələyə kompleks yanaşma tətbiq olunur. Nəqliyyatın hərəkətinə maneə yaradan məntəqələrin ləğv edilməsi, eyni zamanda, yeni cəlbetmə məntəqələrinin müəyyənləşdirilməsi istiqamətində işlər aparılır. Hazırda digər istiqamətlər üzrə də taksi duracaqlarının təşkili ilə bağlı müvafiq təhlillər aparılır”.
Sədr, həmçinin taksi nəqliyyat vasitəsilə daşımalarda xidmət keyfiyyəti ilə bağlı bloger Saleh Nəsirovun səsləndirdiyi suala cavab olaraq bildirib ki, AYNA tərəfindən mütəmadi olaraq taksi sifarişi operatorları ilə görüşlər keçirilir:
“Neqativ halların qarşısını almaq üçün onlara proqram təminatının verdiyi üstünlüklərdən istifadə edərək preventiv tədbirlərin görülməsi tapşırılıb. Məsələ AYNA tərəfindən nəzarətdə saxlanılır. Eyni zamanda, sərnişinlər taksi sahəsində qarşılaşdıqları müxtəlif problemlərlə bağlı AYNA-nın “141” Çağrı Mərkəzi və ya sosial şəbəkə hesabları üzərindən müraciət edə bilərlər. Qaydalara riayət etməyən 5000-dən çox sürücü daşımalardan kənarlaşdırılıb”.
Nəqliyatdan istifadə ilə bağlı əhali arasında keçirilmiş sorğuların nəticələri ilə bağlı ətraflı məlumat verən Sosial Tədqiqatlar Mərkəzinin nümayəndəsi Əziz Əlibəyli dövlət şirkətlərinin bu kimi ictimai dinləmələr keçirilməsini xüsusi qiymətləndirib.
Xatırladaq ki, artıq Bakıda 29 küçə və prospektdə 85 km-dən çox xüsusi hərəkət zolağı təşkil edilib. Müxtəlif ərazilərdə təşkil edilən həmin zolaqlarla gün ərzində 68 min dəfəyə yaxın avtobus hərəkət edir və 900 mindən çox sərnişin daşınır.