Bakı. Trend:
COP29 keçirildiyi dövrdə şəhərin əsas küçə və prospektlərində əsaslı məhdudiyyətlərin qoyulması nəzərdə tutulmur.
Trend xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında COP29 Əməliyyat şirkətinin nəqliyyat və havalimanı əməliyyatları departamnetinin rəhbəri Orxan Mahmudlu deyib.
Onun sözlərinə görə, sadəcə olaraq noyabrn 11-13 tarixlərində liderlər sammiti keçiriləcəyi dövrdə ölkəyə səfər edəcək dövlət və hökümət başçılarının gəlişi ilə əlaqədar havalimanından şəhərə, şəhərdən stadion istiqamətində müxtəlif yollarda tənzimləmələrin aparılması nəzərdə tutulur.
"Bu tənzimləmələr aparılarkən digər avtomobillərin bu yolda hərəkətlərində müəyyən çətinliklər yarana bilər, biz şəhərin nəqliyyat tənzimlənməsi planının hazırlayıb təqdim etdik. Bu plana əsasən dövlət və hökümət başçılarını daşıyan korteclərin keçəcəyi yollarda insanlar alternativ yollardan istifadə edə bilməsi təmin ediləcək. Həmin yollarla bağlı məlumat ictimaiyyətlə paylaşacılaq", - deyə o bildirib.
Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib.
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.
Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.